×
A
A
A
Sazlamalar

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə AYİB arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 5 sentyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti arasında görüş keçirilib.
MBNP-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı AYİB tərəfindən Azərbaycan Respublikasında yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi, ölkəmizin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.
Maliyyə bazarlarında önəmli məsələlərdən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışılıb.
Daha sonra, kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üçün daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin, özəl kredit bürolarının fəaliyyətə başlaması, həmçinin Strateji yol xəritələrinin icrası üzrə maliyyə sisteminin inkişafında atılmış addımlar barədə görüş iştirakçılarına məlumat verilib.
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni təyin olunmuş İdarəedici direktoru Matteo Patrone, ilk öncə, qiymətli kağızlar bazarının inkişafı istiqamətində Palata ilə AYİB arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşdırılmış işlər barədə danışıb. AYİB-in Azərbaycan üzrə apreldə açıqlanmış yeni strategiyasına əsasən kiçik və orta biznes, həmçinin aqrobiznes subyektlərinin maliyyələşməsinin prioritet hesab edildiyini nəzərə alaraq, Azərbaycanda bu sferada həyata keçirilən islahatlar yüksək qiymətləndirilib və əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Maliyyə 2019-09-05 20:41:00