×
A
A
A
Sazlamalar

İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar. Sənəd xəbər, foto və video materialların mübadiləsini, kadrların hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən, agentliklər gündəlik xəbər mübadiləsi həyata keçirəcəklər.
Tazpit agentliyindən ilk material AZƏRTAC-a daxil olub. Agentliyin əməkdaşı Arye Grinin “İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir” sərlövhəli məqaləsini təqdim edirik.
Azərbaycan və İsrailin 1992-ci ildə əsası qoyulmuş strateji əməkdaşlığı ötən illər ərzində genişlənib və inkişaf edib. Ölkələrimiz arasında ticarət dövriyyəsi artıb, turizm və təhlükəsizlik sahələrində əməkdaşlıq güclənib.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan az ölkələrdən biridir ki, İsrail ilə qarşılıqlı və iqtisadi münasibətlər qurub. Bəzi müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycan-İsrail əlaqələri yüksək səviyyədədir və iqtisadiyyatın bütün sahələrini, o cümlədən enerji, turizm və müdafiə sektorunu əhatə edir.
Azərbaycanın Dövlət Sərhəd Xidməti 2019-cu ilin yanvarında İsraildən “Sky Striker” dronunu alıb. Azərbaycan uzun məsafəli, dəqiq və taktiki zərbələrə qadir olan bu dronun birinci xarici alıcısıdır. Baş Nazir Benyamin Netanyahu 2016-cı ilin dekabrında Bakıya rəsmi səfəri zamanı Azərbaycanın İsraildən təhlükəsizlik və müdafiə məqsədləri ilə 5 milyard dollar dəyərində silah aldığını deyib. Benyamin Netanyahu onu da qeyd edib ki, bu münasibətlərdə özünəməxsus bir məqam var. İsrail yəhudi, Azərbaycan isə müsəlman ölkəsidir. Burada müsəlmanlar və yəhudilərin hər iki tərəf üçün daha yaxşı gələcəyi təmin etmək naminə birgə işləmək nümunəsi var. Bu nümunə dözümsüzlük, tolerantlıq və qarşılıqlı hörmətin olmadığı keçmişin qarşısında parlayır.
2018-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 139 milyon dollara çatıb. Buraya neft ticarəti daxil deyil. İsrailin ən müasir silahların ticarətində iştirak etmək istəyi onun Azərbaycana etimadının, hərbi fəaliyyətlərin İsrailin regionda təhlükəsizlik maraqları ilə toqquşmayacağına əminliyinin göstəricisidir.
Ölkələr arasındakı əlaqələr yalnız təhlükəsizlik, müdafiə məsələlərinə aid deyil, həmçinin bir çox sahələrdə ortaq fəaliyyətlərdən ibarətdir. Azərbaycan İsrailin mühüm enerji təminatçısıdır və onun neft ehtiyaclarının 40 faizini ödəyir.
Baş Nazir B.Netanyahu 2016-cı ildə demişdi ki, İsrail yalnız Azərbaycan neftinin deyil, habelə Azərbaycan qazının idxal edilməsi istiqamətində danışıqlar aparır. 2017-ci ildə İsrail səfiri ölkəsinin Azərbaycandan İtaliyaya qədər uzanan Trans-Anadolu qaz kəmərinə (TANAP) qoşulmağı nəzərdən keçirdiyini bildirmişdi.
Yerli sakinlər Azərbaycandakı Yəhudi Cəmiyyəti ilə fəxr edirlər. Azərbaycanlı yəhudilər və israilli turistlər deyirlər ki, bu ölkədə heç bir antisemitizm yoxdur. Azərbaycanda yəhudilər 2600 ildən çoxdur yaşayırlar və əsrlərboyu onlara yaxşı münasibət göstərilib.
B.Netanyahunun Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, yəhudi icması bizim cəmiyyətimizin fəal hissəsidir və ölkəmizin inkişafı üçün bir çox töhfələr verib. Bu, həqiqətən də bizim qarşılıqlı əlaqələrimizdə mühüm faktordur.
Son illərdə Azərbaycanı ziyarət edən israilli turistlərin sayında artım müşahidə olunub. 2018-ci ildə Azərbaycana 40 mindən çox israilli turist gəlib ki, bu göstəriciyə görə israillilər müsəlman Avrasiya ölkəsinə ən çox gələn on millət siyahısında yer alıb. 2019-cu ilin birinci yarısında isə 24 min 464 israilli turist Azərbaycanı ziyarət edib. Əgər mövcud tendensiya davam edərsə, 2019-cu ilin israilli turistlər üçün rekord il olması gözlənilir.
Azərbaycan Qərblə Şərqi qovuşduran, əsrlərboyu davam edən adətləri, müasir memarlığı və inkişafı ilə İsraildən olan turistləri cəlb edir.

Siyasət 2019-09-05 19:50:00