×
A
A
A
Sazlamalar

ABŞ-İran-Çin “üçbucağı”: ticarət müharibələrinin yeni miqyası və qlobal geosiyasi proseslər

Bakı, 5 sentyabr, AZƏRTAC
“Newtimes.az” portalında “ABŞ-İran-Çin “üçbucağı”: ticarət müharibələrinin yeni miqyası və qlobal geosiyasi proseslər” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.
Amerikanın başladığı ticarət müharibələrinin dünya iqtisadiyyatını silkələdiyi sirr deyil. İndi bütün ölkələr növbəti qlobal iqtisadi böhrana hazırlaşır. Bunun fonunda ticarət müharibələri nəinki səngiyir, əksinə, yeni səviyyəyə yüksəlir. Bunun əlamətlərindən biri Donald Trampın Çini çökdürəcəyi ilə bağlı verdiyi bəyanat hesab oluna bilər. O, yenidən prezident seçiləcəyi təqdirdə Çinin iqtisadi potensialını məhv edəcəyindən danışıb. Bu arada, Yaxın Şərqdə geosiyasi vəziyyət daha da kəskinləşib. Orada İsrail-ABŞ cütlüyü İrana qarşı yeni addımlar atır. Tehran isə müxtəlif manevrlər etməkdədir. Onlardan biri kimi Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin “vahid Çin” ideyasını dəstəklədiklərini bəyan etməsi göstərilir. Bu yanaşma kontekstində Amerika, Çin və İran xəttində geosiyasi proseslərin istiqaməti və bunun qlobal coğrafi-iqtisadi reallıqlara təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.
Trampın hədələri: Pekin üçün qorxulu ssenari
Prezident D.Tramp yenidən Çini hədələyib. O bəyan edib ki, əgər ikinci dəfə prezident seçilərsə, İranla yanaşı, Çinə qarşı da daha sərt mövqe tutacaq. Hətta Çinin ticarət sistemini çökdürəcək, kapitalını ələ keçirəcək və yuanı dəyərsizləşdirəcək. Bir sözlə, D.Tramp seçicilərinə indidən Çini məğlub etmək siqnalını verib.
Burada bir təbliğat elementinin olduğunu hiss etmək olar. Amerika Prezidenti bir müddətdir ki, Çin və İran məsələləri ilə bağlı sensasiyalı bəyanatlar verir. Bir qədər əvvəl eyni danışıq manevri Şimali Koreya ilə bağlı özünü göstərirdi. İndi önə Çin məsələsinin çıxdığı duyulur. Ekspertlər bunun kökündə geosiyasi-iqtisadi və təhlükəsizlik baxımından ciddi faktorların dayandığına əmindirlər. Lakin bu qarşıdurmanı motivasiya edən başlıca amilin liderlik mübarizəsi olduğunu qəbul etmək gərəkdir. Məsələ belədir ki, ABŞ bütün vasitələrlə liderliyə iddialı olan və Amerikanın iradəsini qəbul etməyən rəqiblərini “vurur”. Bunun üçün iqtisadi, maliyyə, ticari və hətta hərbi gücdən istifadə edir.
Müşahidələr göstərir ki, amerikalılar dünya iqtisadi-ticari və maliyyə sistemini çox yaxşı modelləşdiriblər və müxtəlif parametrləri “oynatmaqla” bütövlükdə situasiyanı idarə edə bilirlər. Konkret desək, dünyanı bir sistem olaraq Vaşinqton rasionalcasına silkələməkdədir. Təklikdə buna qarşı dura biləcək dövlət yoxdur. Onların içərisində ən potensiallı Çin belə Amerikanın dinamik və çevik manevrlərinə adekvat cavab verə bilmir və hələlik bilməz də. Çinin çox gücləndiyi fikrinin tərəfdarları bu tezislə razılaşmaya bilərlər. Ancaq reallıq belədir: dünya bazarları Vaşinqtonun sifarişi ilə "oynayırlar". Çin olsa-olsa, bu gedişatda “züy” tuta bilir.
Bunlarla yanaşı, alternativ güclər bir araya gəlməyə cəhdlər göstərirlər. O cümlədən çox sıxışdırılmış və daxili vəziyyəti getdikcə daha da ağırlaşan İran Rusiya və Çinin timsalında özünə həmfikirlər axtarır. Bunlara qismən Hindistan və Türkiyə də aiddir. Ankara Rusiya və Hindistan səviyyədə potensiala malik olmadığından, bir qədər arxa planda dayanır. Əlbəttə, Türkiyə real vəziyyəti daha yaxşı qiymətləndirir və hansı addımı atmalı olduğunu da dərk edir. Məsələyə İranın gələcəyi aspektində yanaşdıqda isə, Tehranın Çin istiqamətinə daha çox yönəlməsinin məntiqi aydın olur.
Avqust ayının sonlarında İranın Xarici İşlər nazirinin “vahid Çin” prinsipini dəstəklədiklərini açıqlamasına ekspertlər sensasiya məzmunu verməyə çalışırlar. Əslində isə bu, o qədər adi və sadə həqiqətdir ki, "başqa necə ola bilərdi?" sualını vermək daha doğru olardı. Çünki İranın demokratikləşməsi adı altında onu parçalamaq və ayrı-ayrı etnosların zəif federativ dövlətinə çevirmək planlarının olduğu məlumdur. Məsələn, kənardan kürdləri İranın farsların az olduğu bir sıra bölgələrinə köçürmək kimi proses müşahidə edilir (deyək ki, Cənubi Azərbaycanın Urmiya əyalətinə). Bu işləri görən kənar qüvvələr, eyni zamanda, İran türklərini mərkəzi hakimiyyətə qarşı qaldırmağa çalışırlar. Nəticədə, İranda daxili ixtilaf yaranır ki, bunun yerli xalqların heç birinə xeyri yoxdur.
Əlbəttə, Tehran daha dəqiq və geniş faktlara malikdir. Bu səbəbdən o, dünyanın istənilən dövlətinin ərazi bütövlüyünü dəstəkləməlidir. Belə bir mövqe Tehranın Yaxın Şərqdə məzhəb faktoru üzərində bəzi ərəb ölkələrində parçalanma və ziddiyyət yaratmaqla məşğul olduğu haqqında Qərbin bəyanatlar verməsi fonunda İran rəhbərliyi üçün vacib məsələyə çevrilir. Belə çıxır ki, M.C.Zərifin bəyanatında vurğulanan məqamlardan çox başqa geosiyasi məqsədlər dayanır. Bunu aydınlaşdırmaq üçün son illərdə Çin-İran ticarət əlaqələrinin dinamikasına ümumi nəzər salaq.
Tehranın diplomatik gedişi: pərdəarxası məqamların geosiyasi konteksti
İranla Çin arasında 2018-ci ilin yanvar ayında ticarət dövriyyəsi 3,84 milyard ABŞ dolları həcmində olub. 2019-cu ilin yanvarında bu rəqəm 1,73 milyard dollar təşkil edib. 2018-ci ilin yanvarında İrana 1,73 milyard dollar dəyərində mal ixrac olunub. Hazırda bu rəqəm 722 milyon dollar təşkil edir. Çinin İrandan idxalı isə keçən illə müqayisədə 51 faiz azalıb və 2,1 milyard dolardan 1,01 milyard dollara geriləyib. Buradan belə nəticə çıxır ki, son iki ildə bu ölkələr arasında iqtisadi əlaqələr zəifləyib. Səbəb ancaq ABŞ-la bağlı deyil.
Ekspertlər digər maraqlı faktlara diqqət yönəldirlər. Sən demə, Tehran nüvə sazişi ilə bağlı Qərblə anlaşandan sonra Çinə deyil, Avropaya üz tutub. İran rəhbərliyi Avropa dövlətləri ilə ticari-iqtisadi əlaqələrə daha çox üstünlük verib. Bu, təbii ki, İranla 100 milyard dollar həcmində ticarətə çatmaq barədə saziş imzalamış Çinə xoş gəlməzdi. O vaxtdan Pekinin İrana qarşı bir qədər soyuq davrandığı bildirilir.
Bu azmış kimi, Amerika vurğulanan sazişdən çəkiləndən sonra da İran üzünü yenə Avropaya tutdu. Nəticəsi o oldu ki, Çinlə bərabər, onun Rusiya ilə də iqtisadi əlaqələri bir qədər zəiflədi. Siyasi anlamda isə İran Çinin gözündə etibarını aşağı saldı. İndi Amerikanın Pekinə təzyiqlərini çoxaltdığı və D.Trampın onu çökdürməklə hədələməsi fonunda İranın Xarici İşlər naziri bir diplomatik gediş edib, Çinin yanında olduqlarını ifadə edir. Deməli, bu gediş konkret hədəfə hesablanmış siyasi-diplomatik addımdır. Onu Pekinin necə dəyərləndirəcəyini zaman göstərəcək.
Ancaq məsələyə ABŞ-Çin-İran geosiyasi “üçbucağı” kontekstində baxdıqda, daha dərində olan məqamları görmək mümkün olur. Amerika əsas rəqib saydığı Çinin ətrafından güclü müttəfiqlərini ayırmağa çalışır. Rusiya üçün G7 tələsini düşünüb. Bu təşkilatın son sammitində ABŞ və Fransa bu ideyanı irəli sürdülər və bu məsələ müzakirəyə çıxarıldı. Lakin həm G7-nin bir sıra üzvləri, həm də Kremlin etirazı prosesi pozdu. Yəni hələlik Rusiyanı Çindən ayırıb, G7-yə bağlamaq niyyəti baş tutmayıb. D.Tramp 2020-ci ildə ABŞ-da keçiriləcək G7 sammitini gözləyir. Moskva isə reaksiyası ilə göstərdi ki, Henri Kissincerin bir zamanlar qurduğu diplomatik tələyə düşmək fikrində deyil.
Vaşinqton digər üsullarla başqa böyük gücləri – Hindistan, İran, Yaponiya, Koreya və digərlərini Çindən uzaqlaşdırmağa cəhd göstərir. Honkonq məsələsi də bu baxımdan təsadüfi görünmür. İran məhz Honkonq probleminin aktivləşməsi mərhələsində Çinə dəstək ifadə edir. Təbii ki, bu aspektdə Tehranın atdığı addım boşuna deyil.
Bütün bunlar Avrasiya məkanında geosiyasi mənzərəyə necə təsir edə bilər? Aydındır ki, tərəflər arasında mübarizə daha da şiddətlənir və genişlənir. İranı Yaxın Şərqdə Amerika-İsrail cütlüyü daha çox sıxışdırmağa başlayıb. Bu kontekstdə bir çox ekspertlər İsrail-“Hizbullah” hərəkatı qarşıdurmasını kəskinləşdirməkdə başlıca məqsədin İrana yeni zərbələr endirmək olduğunu düşünürlər. Ola bilər.
Hər bir halda, proseslərin gedişi göstərir ki, Yaxın Şərqdə geosiyasi gərginlik yeni səviyyəyə qalxır. Geosiyasi-hərbi vəziyyət mürəkkəbləşdikcə İranın manevr imkanları da məhdudlaşır. Bununla paralel olaraq, ABŞ Çinə təzyiqləri artırır. O cümlədən "Bir kəmər, bir yol" layihəsinin marşrutu üzərində olan İranda daxili vəziyyətin ağırlaşması Çin üçün yaxşı heç nə vəd etmir. Çünki İran həmin layihə çərçivəsində mühüm tranzit məkanı rolunu oynaya bilər. Lakin orada qeyri-müəyyənliyin artması sərmayə riskini də artırır. Digər tərəfdən, Amerikanın sanksiyaları, ümumiyyətlə, Çinin oraya müdaxiləsi prosesinin qarşısını alır.
Bütün bunlardan belə nəticə çıxır ki, əslində, qlobal miqyasda ticarət müharibələri növbəti mərhələyə qədəm qoyub. Amerika İran və Çini görünməz tellərlə ticarət müharibəsində bir-birinə bağlayıb. Pekin və Tehranın manevrləri bu tələdən çıxmaq üçün hələlik yetərli deyil. Əlbəttə, onlar bir-birinə dəstəklə bağlı nə qədər istəsələr bəyanatlar verə bilərlər. Ancaq çətin ki, bunun real, konkret və praktiki səmərəsi olsun.
Belə təəssürat yaranır ki, ticarət müharibələrinin məzmun və miqyasının bütün dünya iqtisadiyyatına təsiri qaçılmazdır. Bu isə Amerikaya əlavə geosiyasi və geoiqtisadi imkanlar qazandırır. Çünki oyunun sifarişçisi odur.

Siyasət 2019-09-05 19:47:00