×
A
A
A
Sazlamalar

Litvanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Eqidius Navikas ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Eqidius Navikası səfir təyin olunması münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda, ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir Eqidius Navikas Azərbaycanın regionda apardığı müdrik xarici siyasətin və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyətini qeyd edib. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Eqidius Navikas etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Siyasət 2019-09-05 19:02:00