×
A
A
A
Sazlamalar

“Cəngi” etno-caz qrupu Rusiyada “Dünya musiqiləri – 2019” festivalında iştirak edib

Bakı, 5 sentyabr, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi Muzeyində dördüncü dəfə “Dünya musiqiləri – 2019” etnik festivalı keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival Moskva və Sankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirib. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.
Festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.
Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: “Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizin səmimi münasibətin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də “Cəngi” öz mahir ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da bir daha musiqinin xalqları birləşdirməsinin gözəl nümunəsi idi. Festivalın təşkilatçıları “Cəngi” kollektivinə təşəkkürnamə ünvanlamaqla yanaşı, Azərbaycanın Mədəniyyət Nazirliyinə də minnətdarlıqlarını bildirdilər. Çox möhtəşəm təşkil edilən festivalda ölkəmizi təmsil etmək bizim üçün böyük qürur oldu”.
Musiqiçi festivalda iştiraklarına göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Mircavad Cəfərov “Dünya musiqiləri - 2019” festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.
“Cəngi” etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edəcək.

Mədəniyyət 2019-09-05 17:44:00