×
A
A
A
Sazlamalar

Opera və Balet Teatrı mövsümü “Koroğlu” ilə açacaq

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü Ü. Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq.
Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar) Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist Taleh Yahyayev (Ehsan paşa) və başqaları ifa edəcək.
Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Teatr və kino 2019-09-05 16:53:00