×
A
A
A
Sazlamalar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Strasburqdakı türk təşkilatı ilə əməkdaşlığa başlayır

Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Fərid Şəfiyev Mərkəzin fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, yeni yaranmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqaməti Azərbaycanda, habelə regionda və dünyada baş verən proseslərlə bağlı arayışlar hazırlamaq, təşkilat və digər qurumlara təqdim etməkdir. Onun sözlərinə görə, Mərkəz bu istiqamətdə yerli və beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlıq edir. Fərid Şəfiyev bildirib ki, Mərkəzin əsas işi xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar və hesabatlar hazırlamaq, o cümlədən Ermənistanın daxilində baş verən prosesləri və ümumilikdə bu ölkəni dərindən öyrənməkdir.
Əli Gedikoğlu rəhbərlik etdiyi təşkilatın Fransanın Strasburq şəhərində türklər tərəfindən yaradılan və Avropanın 15 ölkəsində filialı fəaliyyət göstərən beynəlxalq QHT olduğunu deyib. O, təşkilatın əsas məqsədinin Türkiyə və müsəlman ölkələrinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə, Qərb təşkilatlarına çatdırılması olduğunu əlavə edib. Bu istiqamətdə COJEP nümayəndə heyəti Gürcüstana və Azərbaycana səfər edərək yerli təşkilatlara, beyin mərkəzlərinə əməkdaşlıq təklif edir. O, beynəlxalq təşkilatlara əməkdaşlığın çox vacib olduğunu vurğulayıb.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, konkret layihələrlə bağlı təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.

Siyasət 2019-09-05 16:23:00