×
A
A
A
Sazlamalar

Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “CMC” təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 5 sentyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının nümayəndələri ilə görüşündə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, mərkəzin icraçı direktoru, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və “CMC” təşkilatının baş katibi Tamaki Okada, koordinatoru Miçiko Syuda iştirak ediblər.
Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən 2016-cı ilin martında diaspor təşkilatının təsis edildiyini diqqətə çatdıran mərkəzin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər qeyd edib ki, yeni təşkilatın qarşısında duran əsas vəzifələrdən biri qarşılıqlı əməkdaşlıq məqsədilə yerli qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulmasıdır. Azərbaycan diaspor təşkilatı ilə “CMC” təşkilatı arasında əlaqələr öz səmərəsini verməkdədir. Belə ki, ötən ilin noyabrında “CMC” təşkilatı tərəfindən Tokionun “Kojiya Junior School” məktəbində təşkil edilən görüş yapon məktəblilərinin Azərbaycan haqqında məlumatlandırılması, yeni nəslin nümayəndələri arasında dostluq münasibətlərinin qurulması baxımından mühüm əhəmiyyətə malik idi. Qeyd edilib ki, belə tədbirlər Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti barədə yapon gənclərə daha geniş məlumatın verilməsi ilə yanaşı, ölkəmiz barədə həqiqətlərin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında real informasiyanın yapon ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Bu məsələdə yerli təşkilatlarla əməkdaşlıq, birgə fəaliyyət mühüm rol oynaya bilər.
Digər tərəfdən, müxtəlif mövzularda görüşlərin, sərgi və disputların təşkili, qarşılıqlı səmərə verə biləcək digər birgə ideyaların reallaşdırılması xalqlarımızı bir-birinə daha sıx yaxınlaşdırar.
“CMC” təşkilatının baş katibi Okada Tamaki irəli sürülən təkliflərin hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Bildirib ki, son illər Azərbaycan və Yaponiya arasında əməkdaşlıq əlaqələri xeyli intensivləşib. Yaponiya ictimaiyyəti son illər böyük uğurlara imza atan Azərbaycanla əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan diaspor təşkilatının irəli sürdüyü təklifləri yüksək qiymətləndirən O.Tamaki bu ideyaların həyata keçirilməsi üçün “CMC” təşkilatının əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlığın istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Diaspor 2019-09-05 12:58:00