×
A
A
A
Sazlamalar

243 ailə ilk dəfə olaraq yeni qayda ilə güzəştli mənzilə sahib olub

Bakı, 5 sentyabr, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-13 nömrəli binalarında iyulun 12 və 14-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 253 mənzildən 243-nün öz vəsaiti hesabına ödəniş üsulu ilə alqı-satqısı uğurla başa çatdırılıb.
MİDA-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, həmin mənzillərdən 29-u bu il iyulun 14-də “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib.
Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir. Güzəştli şərtlərlə əldə edilmiş 243 mənzildən 43-ü 1 otaqlı, 137-si 2 otaqlı, 63-ü isə 3 otaqlıdır.
Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq 1 otaqlı mənzil üçün 26 min 933 manat (endirimdən əvvəl bu məbləğ 29 min 925 manat olub), 2 otaqlı mənzil üçün 42 min 887 manat (endirimdən əvvəl bu məbləğ 47 min 652 manat olub), 3 otaqlı mənzil üçün isə 58 min 875 manat (endirimdən əvvəl bu məbləğ 65 min 417 manat olub) ödəniş ediblər.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.
Qalan 10 mənzil yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.
Qeyd olunub ki, bu günədək Yasamal Yaşayış Kompleksində həyata keçirilən mənzillərin satışı nəticəsində ümumilikdə 817 şəxs güzəştli mənzilə sahib olub.

Tikinti̇ 2019-09-05 12:21:00