×
A
A
A
Sazlamalar

Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Bakı, 5 sentyabr, AZƏRTAC
Laçın rayonunun Mirik kəndi Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 kilometr hündürlükdə, dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə, Laçın-Minkənd yolunun 40 kilometrliyində yerləşir.
Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixinin müxtəlif dövrlərini öyrənmək üçün çox maraqlı, əvəzsiz mənbədirlər.
Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır.
AZƏRTAC Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun “Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır” adlı məqaləsini təqdim edir.
1992-ci ildə Ermənistan tərəfindən işğal edildikdən sonra Mirik kəndinin adı Ermənistan hökumətinin qərarı ilə dəyişdirilərək Herik adlandırılıb. Nədənsə 2010-cu ildən sonra kəndin adı yenidən köhnə vəziyyətinə qaytarılaraq Mirik adlandırıldı. Kəndi işğal etdikdən sonra ermənilər orada təqribən 50 faizdən çox yaşayış evlərini söküb dağıdıblar. Bu kənddə ermənilər tərəfindən daha çox təcavüzə məruz qalan azərbaycanlı sakinlərə məxsus məhsuldar torpaqlar, fərdi təsərrüfatlar və tarix mədəniyyət abidələridir.
Mirik kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə yalnız azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq, arıçılıq, heyvandarlıq və qismən də toxuculuq idi.
Azərbaycanın memarlıq abidələrinin çox nadir nümunələrindən olan, siklop tipli memarlıq abidələrindən sayılan Mirik kəndi ərazisində böyük bir şəhərin xarabalığını xatırladan ərazi elə indinin özündə də mövcudluğunu qoruyub saxlayır.
Mirik kəndinin “Kalafalıq” deyilən bu ərazisində palçıqdan istifadə edilmədən sal daşları nizamla düzərək ucaldılan siklon tipli yaşayış tikintilərinin qalıqlarının mövcudluğu tarixi baxımdan maraqlı və öyrənilməsi vacib olan qiymətli abidələrimizdəndir. Bu qədim yaşayış mərkəzi Mirik kəndinin 4-5 kilometr şimalından, yəni, Göybulaq və Sonabulağı ərazilərinin cənub ətəklərindən başlayaraq ta Mirik Qalasının zirvəsinədək uzanıb burada tamamlanır.
Ərazinin müxtəlif yerlərindən bu əraziyə gələn yolları keçilməz etmək üçün çoxsaylı daş tullantılarının bir yerə toplanması, XVI-XVII əsr qalalarının mühafizə divarlarını xatırladır.
Xatırlatmaq yerinə düşərdi ki, siklop tipli memarlıq abidələrinə respublikamızda çox nadir hallarda rast gəlinir. Bütün bu kimi tarixi faktların mövcudluğu Azərbaycanın digər bölgələrində olduğu kimi, Laçın ərazisinin də eradan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətə keçilməsinin göstəricisidir.
Mirik kəndi ətrafında ilk insan məskənlərinin mövcudluğunu təsdiqləyən “Bayqara” ərazisindəki “Dəlikli” mağarasıdır. Mağaranın giriş qapısı tərəfdən və daxildən uçulmuş vəziyyətdə olsa da, özünün ecazkar görkəmini qoruyub saxlaya bilib.
“Bayqara” sözünün etnonimi təəccüb doğuran böyük ərazi kimi mənalandırılır. Bu ad hələ bu ərazidə nə qədər sirlərin gizlənildiyini göstərir. Ərazi insan yaşayışı üçün vacib olan çoxsaylı bulaqlar, meşə örtüyü, meyvə və giləmeyvə ağacları ilə zəngindir. Bu təbii şərait burada ilk insanların yaşayışını zəruri edən amillərdəndir.
Mirik qalası
Qala Mirik kəndinin qərb tərəfindəki dağın zirvəsində şimala doğru uzanan dağ silsiləsinin cənub qurtaracağında yerləşir. Qalanın inşa tarixi hələlik müəyyənləşdirilməsə də, onun tikintisində siklop memarlığından istifadə edilməsi qalanın inşasını tariximizin çox qədim dövrlərinə aparıb çıxarır. Qalanın uzunluğu 200–250 metr, eni isə 30–50 metrdir.
Qala 80 x 50 metr ölçüdə təqribən üç bərabər hissəyə bölünüb. Qalanın zirvəsindən kənd qəbiristanlığı istiqamətdə təqribən 150 metrlik məsafədə, qalanın qərb hissəsində divarlarının qalınlığı 3 metrə çatan 7–8 metrlik dairəvi bir qüllə tikilib. Qüllənin arxa tərəfi qalanın zirvəsinə qədər üst-üstə yığılmış daşlarla örtülüb. Qüllənin çıxışı kiçik həcmli açıq meydançaya açılır.
Qalanın cənubunda 30 metrlik mühafizə divarı inşa edilib. Mühafizə divarı 15 x 20 metrlik düzbucaqlı qüllə ilə tamamlanır. Burada da divarlar siklop tipli memarlıq üslubu ilə tikilib, divarların hündürlüyü 3-4-5 metr, qalınlığı isə 2,5 – 3 metrdir. Qüllənin qapısı qalanın içərisində inşa edilən bir otağa açılır. Qalanın zirzəmisi, müxtəlif istiqamətlərə şaxələnən tunellərdən və müxtəlif ölçülü otaqlardan ibarətdir.
Abidə 2013-cü ildən ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılara məruz qalıb. Qazıntıları Ermənistandan göndərilən ekspedisiya tərəfindən, eləcə də İrəvan Dövlət Universitetinin Arxeologiya fakültəsinin əməkdaşları ilə birgə aparılır. Buna səbəb keçən ilin avqust ayında ixtisasca arxeoloq olan Ermənistan vətəndaşı Arutyun Xudanyanın özbaşına apardığı qazıntı zamanı aşkar etdiyi bir qəbirdən 6 küpə (keramik qab) qızıl-zinət əşyaları və pul əskinasları tapması səbəb olub. O, bu əşyaları mənimsəmək məqsədilə gizlətmiş, lakin sonra polisin təzyiqi ilə az bir qismini Ermənistan hökumətinə təhvil vermişdir.
Bundan sonra Ermənistan hökuməti tərəfindən ərazi nəzarətə götürülərək ekspedisiya təşkil edilmiş və ərazi başdan-başa qazılmağa başlamışdır.
Özünü qazıntı rəhbəri kimi təqdim edən Ermənistan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun müəllimi Qaqik Sarkisyan bu qanunsuz fəaliyyətə elmi işçi Ayk Avetisyanı, arxeoloq Artaq Qnunini, memar Anjela Davityanı, ərazidə yerləşən hərbi hissənin əsgərlərini və kənddə məskunlaşdırılan ailələrin azyaşlı uşaqlarını cəlb etmişdir. Tərkibdən göründüyü kimi, əksəriyyəti qeyri-peşəkarlardan ibarət təşkil edilən ekspedisiya elmi tədqiqat işləri üçün deyil qarətçilik məqsədi ilə yaradılıb.
Ermənistanın bu fəaliyyətinin formasından və məzmunun nədən ibarət olmasından asılı olmayaraq, beynəlxalq qaydalara zidd olan cinayət əməlidir. Belə ki, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirdi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir. Eyni zamanda, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasında və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Haaqa Konvensiyasında Konvensiyanın tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilib.
Ermənistan Elmlər Akademiyası Ermənistan Respublikasının tərkib hissəsi saydıqları Mirik kəndinin 3000 min illik yaşı olduğu qənaətindədirlər. Bu qanunsuz qazıntılar nəticəsində ermənilər 4,5 metr eni və 10 metr uzunluğu olan bir ərazidə çoxlu keramika qırıqları aşkarlayıblar. Bu fakt göstərir ki, ərazi qara arxeologiyanın qurbanı olmuşdur.
Ermənilərin Mirik qalası ətrafında apardıqları qanunsuz arxeoloji qazıntılar zamanı burada bir neçə ikiotaqlı və üçotaqlı kurqanlar da aşkar ediblər. Qazıntılarla bağlı mətbuata açıqlama verən arxeoloq Artaq Qnunini maraqlı bir epizod işlədib. O deyib: “Belə çoxotaqlı qəbirlər qədim ədəbiyyatda Oğuz “evləri” adlandırılır. Bu epizodun əhəmiyyəti ondan ibarətdir ki, ən azından bir erməni alimi, “vətən” deyib ayaq basdığı torpaqların Oğuz yurdu olduğunu etiraf etdi.
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır, Azərbaycan tarixinin çox mühüm hissəsi məhv edilir. Bu cinayətin dayandırılması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar.

Siyasət 2019-09-05 12:16:00