×
A
A
A
Sazlamalar

Ağsuda 5 min hektardan çox sahədə yay şumu çıxarılıb

Ağsu, 4 sentyabr, AZƏRTAC

Ağsu rayonunda taxılçılıqla, eləcə də əkinçiliyin digər sahələri ilə məşğul olan fermerlər və fiziki şəxslər tərəfindən bölgənin bütün ərazi dairələrində payızlıq əkinlər üçün yay şumu çıxarılır ki, bu, gələn ilin yüksək məhsulu üçün vacib olan aqrotexniki tədbirdir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələri bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər. Hazırda hər gün sahələrə 100-110 şum traktoru çıxarılır. Artıq 5000 hektardan çox sahədə şum qaldırılıb.
Rayonun bütün ərazilərində, xüsusilə Qaraqoyunlu, Kəndoba, Növcü, Padar və bir sıra digər ərazi dairələrində torpaq mülkiyyətçiləri bu mühüm aqrotexniki tədbiri sürətlə davam etdirirlər.
Qeyd edək ki, cari mövsümdə Ağsuda 35 min hektardan çox sahədə payızlıq bitkilər, əsasən də taxıl əkiləcəyi gözlənilir.

Kənd təsərrüfatı 2019-09-04 18:59:00