M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmağa şərait yaratmalıdır
Moskva, 4 sentyabr, AZƏRTAC
Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanması yolunda sürətli irəliləyişə şərait yaratmalıdır.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları barədə sualın cavabında səsləndirib.
O bildirib ki, münaqişə tərəflərinin bəyanatları münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş ümumi səylərə uyğun olmalıdır.
Rusiya XİN nümayəndəsi deyib: “Danışıqlar prosesində “nifaq alması”na çevrilən və əlavə suallar doğuran bəyanatlardan sonra əvvəlki mövqeyə qayıtmaq həmişə çox mürəkkəb məsələdir və bu, amanabənd danışıqlar prosesinin tarazlığını poza bilər. Təəssüf ki, biz müxtəlif səviyyələrdə müxtəlif tərəflərin bu cür bəyanatlarını çox eşitmişik və bu cür bəyanatlarla yenə üzləşirik”.
M. Zaxarova deyib: “Biz daxili siyasi prosesə hörmət bəsləyirik və başa düşürük ki, siyasi quruluşun demokratik modelində insanlar istənilən mövzuda fikir söyləmək, lakin eyni zamanda müvafiq siyasi ilkin şərait formalaşdırmaq hüququna malikdirlər. Çox istərdik ki, bütün tərəflər bir başlıca şərtə əməl etsinlər - bütün resurslar münaqişənin tezliklə və dinc yolla tənzimlənməsinə yönəldilməlidir. Bu, mürəkkəb və uzun prosesdir. Düşünürəm ki, sürətlə irəliləməyin zəruri olmasını hamı başa düşür və bunun üçün bəyanatlar həmin əsas hədəfə müvafiq olmalı və ona şərait yaratmalıdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar