×
A
A
A
Sazlamalar

Saatlıda ilk iki gündə sahələrdən 95 tondan çox pambıq yığılıb

Saatlı, 3 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Saatlıda pambıq yığımına start verilib və ilk iki gündə sahələrdən 95 tondan çox məhsul yığılıb. Kollardakı qozalar tam açılmadığından hələlik məhsul əl ilə toplanılır. Ötən il respublika üzrə ən çox - 30 min 440 ton “ağ qızıl” istehsal edən saatlılı fermerlər cari ildə də plantasiyalarda bol məhsul yetişdirib və yığıma da ölkədə birincilər sırasında başlayıblar.
Rayon Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari təsərrüfat ilində rayonda 13 min 741 hektar sahədə pambıq əkilib. Fermerlər və torpaq mülkiyyətçiləri plantasiyalarda nümunəvi becərmə işləri apardığından bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə məhsulu qısa müddətdə toplayaraq tədarük məntəqələrinə təhvil verməkdir. Bunun üçün rayonda bütün zəruri tədbirlər görülüb. Pambıq qəbulu məntəqələri əsaslı təmir olunub, 100-dən çox traktor, 180-ə yaxın qoşqu və kifayət qədər pambıqyığan kombayn məhsul istehsalçılarının ixtiyarına verilib.
Pambıq yığımı zamanı qarşıya çıxan çətinlikləri qısa müddətdə aradan qaldırmaq üçün rayonda xüsusi qərargah yaradılıb. Gün ərzində məhsul yığımı və digər məsələlərlə bağlı bütün məlumatlar qərargaha ötürülür və ortaya çıxan çətinliklər operativ olaraq aradan qaldırılır.
Qeyd edək ki, bu il saatlılı pambıqçılar sahələrdən 32-35 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.

Kənd təsərrüfatı 2019-09-03 13:57:00