×
A
A
A
Sazlamalar

Elektrik enerjisinin istehsalı 10,5 faiz, ixracı isə 2 dəfədən çox artıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin avqustunda elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, ötən ay 2,14 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kilovatsaat və ya 10,5 faiz çoxdur.
Məlumata əsasən, ötən ilin avqustu ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.
“Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə, xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb.
Belə ki, 2018-ci ilin avqustunda qonşu dövlətlərə 72,2 milyon kilovatsaat elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kilovatsaat elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kilovatsaat və ya 2 dəfədən çox artım deməkdir.
Qeyd olunub ki, ixrac edilən 166,3 milyon kilovatsaat elektrik enerjisinin 158,8 milyon kilovatsaatı Gürcüstana ötürülüb.

Energetika 2019-09-03 13:39:00