×
A
A
A
Sazlamalar

Yaxın iki gün ərzində hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Bakı, 3 sentyabr, AZƏRTAC 

Ölkə ərazisində sentyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 25-28° isti, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 4-5-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 14-19° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 24-29° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir, duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 21-26° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 24-28° isti, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.

Ekologiya 2019-09-03 13:12:00