×
A
A
A
Sazlamalar

Qazax tütünçüləri bu günədək 125 ton tütün tədarük ediblər

 

Qazax, 2 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Qazax rayonunda artıq dördüncü ildir ki, tütün becərilir. 2016-cı ildə rayon üzrə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirləri vaxtında həyata keçirən təsərrüfat sahibləri elə həmin il sahələrdən 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə məhsuldarlığı daha da artıran tütünçülər əkin sahələrini 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Keçən il sahələrdən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.
Tütünçülüyün inkişafı rayonda yeni iş yerlərinin açılması, əhalinin gəlir qazanması baxımından da böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də tütün əkən kəndlərin sayı ildən-ilə artır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq rayonda tütün əkən kəndlərin sırasına Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci və İkinci Şıxlı, Yuxarı və Orta Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndləri də qoşulub.
Bu il Qazax tütünçüləri, ümumilikdə, 65 hektar sahədə bol məhsul yetişdiriblər. Təsərrüfat sahibləri tütünü vaxtında və itkisiz toplamaq üçün əllərindən gələni əsirgəmirlər. Onlar yığılmış məhsulu qurutmaq üçün talvarlara daşıyır, orada isə kənd sakinlərinin köməyi ilə ipə düzürlər.
Hazırda tütünçülük sahəsində rayon üzrə 300-dək sakin çalışır. Onun 60 nəfəri Kosalar kəndindədir. Kənddə elə sakinlər var ki, onların ailə üzvlərinin hamısı bu sahədə çalışır. Bu vaxta qədər rayon tütünçüləri tərəfindən 125 ton yaş tütün tədarük olunub.

Kənd təsərrüfatı 2019-09-02 21:10:00