×
A
A
A
Sazlamalar

Gələn ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək YENİLƏNİB VİDEO

Bakı, 2 sentyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Prezident İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli Fərmanına uyğun olaraq, 2020-ci ildən tətbiq ediləcək yeni subsidiya əmsallarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Aqrar Subsidiya Şurası 2020-ci ildə bitkilərə və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb.
Aqrar Subsidiya Şurasının üzvləri - Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, nazirliyin Dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov və nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların miqdarı, mexanizmi barədə danışıblar.
Bildirilib ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyənləşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, kənd təsərrüfatı bitkiləri üzrə baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyən edilib və bununla bağlı cədvəl Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilib.
Qeyd olunub ki, bu sistem aqrar sahədə subsidiyaların verilməsində şəffaflığın və operativliyin təmin edilməsi, dövlət büdcəsindən qənaətlə istifadə olunması, bürokratik əngəllərin aradan qaldırılması üçün ciddi mexanizmdir. Əmsallar məhsulun növündən, strateji əhəmiyyətindən, ixrac potensialından asılı olaraq müəyyənləşdirilib. Subsidiya sisteminin icraçısı Aqrar Kredit və İnkişaf Agentliyidir. Açıqlanan əmsallar bir il müddətində qüvvədə olacaq. Hər il yanvarın 15-dək Aqrar Subsidiya Şurası yeni il üçün əmsalları elan edəcək.
Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatdan keçən, öz torpağı və əkəcəyi bitki haqqında məlumatları düzgün əks etdirən hər bir fermerə “Fermer kartı” verilir və o, il ərzində həmin kart vasitəsilə subsidiyaları elektron qaydada ala biləcək. Karta köçürülən məbləğin 25 faizi nağdlaşdırıla, qalanı isə post-terminallar, bankomatlar vasitəsilə hər bir təchizatçıya köçürülə bilər. Əgər fermer öz kartında olan vəsaitdən qənaətlə istifadə edibsə, təkrar əkin zamanı da həmin kartda qalan vəsaitdən yararlana bilər.
Diqqətə çatdırılıb ki, bu qərarda heyvandarlıq sahəsində verilən subsidiyalar da öz əksini tapır. Belə ki, süni mayalandırma yolu ilə cins tərkibi dəyişmiş buzovlara görə verilən subsidiyalar eyni məbləğdə (100 manat) qalır. Arıçılıqda da əvvəlki kimi, hər bir arı ailəsinə görə 10 manat subsidiyanın verilməsi nəzərdə tutulur.
Gübrənin alınması, digər aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün ayrıca subsidiya olmayacaq. Bu, əkin subsidiyasına verilən ümumi məbləğə daxildir. Gübrə almaq üçün əvvəlki kimi, fermer məbləğin 30 faizini özü ödəyəcək, qalan 70 faizini isə kartdakı məbləğdən güzəşt kimi istifadə edə biləcək.
Bildirilib ki, əkinçiliklə bağlı subsidiya almaq istəyən fermerin sistemə daxil etdiyi informasiyalarda 5 faizədək xəta aşkarlanarsa, onda subsidiyadan həmin 5 faiz məbləğ çıxılmaqla real subsidiya onun kartına ödənilir. Xəta 5 faizdən 20 faizə qədər olarsa, subsidiya müvafiq şəkildə azaldılır, 20 faizdən 50 faizədək olarsa, həmin fermerə bir il müddətinə subsidiya verilməyəcək. Əgər xəta 50 faizdən çoxdursa, fermer iki il ərzində həmin subsidiyanı ala bilməyəcək. Bundan başqa, əgər arıçının təqdim etdiyi göstəricilərdə xətalar 10 faizə qədərdirsə, həmin faizin məbləği çıxıldıqdan sonra subsidiya veriləcək, yaxud 10 faizdən 30 faizədək xəta olarsa, məbləğ ona uyğun azaldılır. Xəta 30 faizdən 50 faizə qədər olarsa bir il müddətinə, 50 faizdən çox olarsa, iki il müddətində subsidiyanın verilməməsi haqqında qərar çıxarılır. Buna görə də, fermerlər öz göstəricilərini Elektron Kənd Təsərrüfatı Sisteminə daxil etdikdə dürüstlüyə ciddi fikir verməlidirlər.
Vurğulanıb ki, nazirliyin əməkdaşları, təlimçilər bu ilin qalan dörd ayında da yerlərdə fermerlərə Elektron Kənd Təsərrüfatı Sistemindən keçməsi üçün öz dəstəyini göstərməkdə davam edəcək. Elektron Kənd Təsərrüfatı Sistemindən bu günədək 320 min fermer qeydiyyatdan keçib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, subsidiya intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlara şamil edilir:
- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə bir hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- xurma və nar bitkiləri üzrə bir hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə bir hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
- fındıq bitkisi üzrə bir hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
- əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə bir hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında bir hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Əkinçilikdə ixtisaslaşmaya da xüsusi önəm verilib. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına görə aşağıdakı rayonlara əkin əmsalı hesablanıb:
- çəltik əkini üzrə Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonları;
- pambıq əkini üzrə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonları;
- tütün əkini üzrə Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonları;
- fındıq əkini üzrə Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonları;
- çay əkini üzrə Astara, Lənkəran, Masallı və Zaqatala rayonları.
Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsini qərara alıb.
Şura, həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (fermerlərə istifadələrində olan torpaq sahələrinin hər hektarına görə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Gələn ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.

Kənd təsərrüfatı 2019-09-02 16:03:00

Video