×
A
A
A
Sazlamalar

Süni intellekt əsrində dilin əhəmiyyəti

Bakı, 2 sentyabr, AZƏRTAC 

Bu günlərdə Yaponiyanın Meiji Universitetinin süni intellekt üzrə mütəxəssisi professor Juniçi Takeno “RİA Novosti” informasiya agentliyinə verdiyi müsahibəsində söyləyirdi ki, rəhbərlik etdiyi tədqiqatçı-mütəxəssislər qrupu insan şüurunu təqlid edə bilən robotlar hazırlayırlar. Həmin robotlar şüurlu insan kimi öz hərəkət və davranışlarını dərk edə və öz fikirlərini sərbəst şəkildə ifadə edə, hətta güzgüyə baxdıqda özləri-özlərini tanıya biləcəklər. Bunun üçün professor Takeno və rəhbərlik etdiyi mütəxəssislər qrupu vahid insan düşüncəsinin bir növ analoqu olan ikiqat rekursiv neyron şəbəkəsinə əsaslanan idrak modulu yaradıblar. MoNAD (Module of Nerves for Advanced Dynamics) adlandırılan bu modul insan şüuruna xas olan əlamətlərin əksəriyyətini, həmçinin avstraliyalı filosof Edmund Husserl tərəfindən tədqiq olunmuş on xüsusiyyəti izah edə bilir. MoNAD-ın ən əsas xüsusiyyəti nə etdiyini anlaya bilmək qabiliyyətidir.
Juniçi Takenonun sözlərinə görə, zamanla süni intellektə malik robotlar əmək fəaliyyətinin bir çox sahələrində insanları əvəz edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc tədqiqatçı Günel Məmmədovanın “Süni intellekt əsrində dilin əhəmiyyəti” məqaləsində yer alıb.

Rəqəmsal əsrdə dilin əvəzedilməz və xüsusi əhəmiyyət kəsb edən funksiyaları

Məqalədə bildirilir ki, hər birimiz fikirlərimizin ötürülməsində dilin aparıcı qüvvə olmasına vərdiş etmişik. Bəs bu gün süni intellektin həyatımızın hər bir sahəsində hegemonluq etdiyi bir dövrdə, alimlərin yazılı və ya şifahi ünsiyyət olmadan beyin-kompüter vasitəsilə birbaşa fikirləri ötürə bilmək imkanını reallaşdırmaq üçün apardıqları tədqiqatların fonunda dilin mövqeyi nədən ibarətdir?
Rəqəmsal əsrdə dilin cəmiyyətimizdəki rolunu anlamaq və yeni texnologiyaların bunun üçün yaratdığı imkanları araşdırmaq son dərəcə vacibdir. Bəzi neyrobioloqlar və filosoflar iddia edirlər ki, dil artıq öz unikallığını itirib və fikirləri çatdırmaq üçün yeganə ünsiyyət vasitəsi deyil. Ümumiyyətlə, belə qəbul edilir ki, düşüncəmizin çox hissəsi qeyri-verbaldır. Demək olar ki, onların bəziləri dildə öz ifadəsini tapa bilmir. Psixologiya və dilçilik dilin ideal vasitə olmadığını qəbul edir.
Analitik fəlsəfədə deyilir ki, istənilən fikri dil vasitəsilə ifadə etmək mümkündür. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, bəzən dil müasir incəsənətin yaratdığı konkret təcrübəni ifadə edə bilmir. Hətta deyə bilərik ki, o, bu gün müasir elmlərin bir çoxuna xas olan mücərrəd düşüncə tərzini formalaşdıra bilmir.

Süni intellekt üçün məhdudiyyət

1956-cı ildə amerikalı informatik alim Con Makkarti insan şüurunun əsas əlamətlərinin kompüterə köçürülməsini özündə ehtiva edən “süni intellekt” – “maşınları intellektual etmək elmi və mühəndisliyi” ifadəsindən istifadə etməyə başladı. Beləliklə, insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunmasına başlandı. Əlbəttə, süni intellekt yaradıldığı gündən müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında mühüm yer tutur.
Hesablama cihazları yaradıldığı ilk dövrlərdə, bir qayda olaraq, insanın və ya onun təfəkkürünün obyektiv hərəkətləri təqlid edilirdi. Son illərdə isə süni intellekt ilə işlər üç əsas istiqamətdə aparılır:
-İnsanın yaradıcı qabiliyyətini təkrarlamaq;
-İnsanın kompüterlə “ünsiyyətini” dialoq formasında apara bilmək (məsələn, formalizmləşdirilmiş mətnləri təbii dillərə tərcümə etmək);
-əsas elementi “süni intellekt”dən ibarət olan robot texnikasını yaratmaq.
Beləliklə, insan və onun təfəkkürü elektron hesablama maşınları ilə qarşı-qarşıya gəlir. Texnologiya getdikcə insan həyatının daha aktiv tərəfdaşına çevrilir. Bəşər övladının təbii zəkası ilə süni intellektin bir-biri ilə bağlılığı insanın yaradıcılıq qabiliyyətini artırır, onda yeni düşüncə paradiqmasına ehtiyac oyadır.
Alimlər etiraf edirlər ki, süni intellekt sahəsində texnologiyalar mütəxəssislər üçün də anlaşılmaz ola bilər. Prinston Universitetinin tanınmış neyronoloqu Aaron Bornşteyn süni neyron şəbəkələri haqqında yazdığı məqaləsində vurğulayır ki, “… heç kim onların necə işlədiyini dəqiq bilmir. Deməli, heç kim onların nə zaman sıradan çıxacağını qabaqcadan xəbər verə bilməz”. Əgər söhbət tibbi diaqnostika sistemindən gedirsə, insan üçün nəticələr daha ciddi ola bilər. Onun fikrincə, idrak süni intellekt üçün məhdudiyyətdir: “… təfsiretmə bu cür modellərin öz potensiallarına çatmasına mane ola bilər”.
Əgər süni intellektin işini anlamaq olmursa, onu dil ilə ifadə etmək də mümkün deyil. Müasir neyron şəbəkələrin mürəkkəbliyi nəticəsində biz süni intellektin hansı qərarları qəbul etdiyini çətinliklə anlaya bilirik. Bu səbəbdən maşınlar üçün məxsusi dilin ixtira edilməsi labüddür.

Dil yalnız fikrin ötürülməsi üçün deyil, həm də onun həyata keçirilməsi üçün mütləqdir

Dilçi alimlərin fikrincə, dil insanlar arasında yalnız fikrin ötürülməsi üçün deyil, həm də onun həyata keçirilməsi üçün mütləqdir.
Əlbəttə ki, insan fikirlərini və hisslərini başqa, tamamilə fərqli vasitələrlə də ifadə edə bilər. Belə ki, musiqiçi öz düşüncə və hisslərini səslərlə, rəssam çəkdiyi rəsmlərlə, rənglərlə, heykəltəraş hazırladığı heykəllərlə, riyaziyyatçı düstur və həndəsi fiqurlarla ötürə bilər. Hər kəsin düşüncəsi, hissləri onun davranış və hərəkətlərində öz ifadəsini tapır. Ancaq bir məsələni unutmayaq ki, düşüncənin ifadə formasından asılı olmayaraq, o, şifahi nitqlə verbal ünsiyyətə ötürülür. Dilin bu spesifik xüsusiyyəti onun insan idrakı ilə əlaqəsindən qaynaqlanır. Təfəkkürün dil ilə bu cür yaxın əlaqəsi onunla nəticələnir ki, təfəkkür öz əksini məhz dildə tapa bilir. Məzmunca aydın və formaca düzgün qurulmuş təfəkkür aydın və səlis nitqlə ifadə olunur.
Bəzi alimlərin “müasir Eynşteyn” adlandırdığı linqvist Avram Noam Çomski əmin edir ki, dilin strukturunu və ondan sərbəst şəkildə istifadə etməyi öyrənmək insan zəkasının quruluşunu anlamağa kömək edəcək. Onun fikrincə, dilin əhatə dairəsi o qədər mürəkkəbdir ki, bəzən insan təfəkkürünün quruluşunun unikallığına şübhə edirsən.
“Dil bacarıqları”, – Çomskiyə görə, insanın genetik təfəkkürünün bir hissəsidir. O, bəşər övladının immunitet, görmə və qan dövranı sistemlərinə çox bənzəyir. Buna görə də biz insanın dil bacarıqlarını tədqiq etməyə çox ciddi yanaşmalıyıq.
Texnologiyanın inkişafı nəticəsində idrak və dilin əlaqəsi süni intellekt problemi ilə sıx bağlı olmağa başladı.

Süni intellektin istifadəsi üçün prioritet sahə kompüter ekspert sistemləridir

Süni intellektin istifadəsi üçün prioritet sahə kompüter ekspert sistemləridir. “İntellekt” (zəka) termini müasir fəlsəfədə təfəkkürün ən yüksək dərketmə qabiliyyəti kimi şərh olunur. Süni intellekt bəşər övladı tərəfindən yaradılan vasitələrin köməyilə insan idrakının müəyyən funksiyalarının təqlidini ifadə edən metaforik anlayışdır. İnsan idrakı mücərrəd konseptual düşüncə ilə əlaqəli olduğu halda, heyvanların düşüncəsi və “dili” elementar təfəkkür səviyyəsində qalır, süni intellekt isə onlardan fərqli olaraq, ancaq işarələrlə “düşünə bilən” maşın kimi qiymətləndirilir. Məsələn, yalnız riyazi teoremləri isbat etmək üçün proqramlaşdırılmış bir kompüter şahmat oynaya və yaxud başqa məsələləri həll edə bilməyəcək. Çünki o, yalnız insan tərəfindən qurulmuş proqrama uyğun işləyir və buna görə də insanın ixtiyarındadır.

Süni intellekt həm də kommunikativ sistemdir

İnsanla süni intellekt arasında ünsiyyəti qurmaq üçün xüsusi dil-interfeysdən istifadə olunur. Dil-interfeys onların arasında qarşılıqlı əlaqənin interaktiv formasını təmin edir. Süni intellekt həm də kommunikativ sistemdir. Bu gün süni intellekt fəlsəfəsinin qarşısında duran əsas suallardan biri də budur ki, süni intellekt də dildən insan kimi istifadə edə bilərmi?
Analitik fəlsəfənin banilərindən olan avstraliyalı alim Lüdviq Vitgenşteynin fikrincə, dilin məntiqi quruluşu dünyanın ontoloji quruluşu ilə eyniyyət təşkil edir. İnsan təfəkkürün və gerçəkliyin sərhədində dayanır və dil bu sərhədi daha dəqiq müəyyənləşdirməyə imkan verir.
Süni intellektin fəlsəfəsi tarixində linqvistik yanaşmadan süni intellektin şüurluluğu haqqında ən tənqidi arqument amerikalı filosof professor Con Serl tərəfindən irəli sürülən “Çin otağı” idi. O, “Çin otağı”nın məğzini belə izah edirdi: “Tutaq ki, yalnız ingilis dilində danışa bilən bir nəfər kənar aləmdən təcrid olunaraq bir otaqda yalnız qalır və ona oxumaq üçün Çin dilində mətn verilir. Əlbəttə, Çin heroqlifləri haqqında heç bir təsəvvürü olmayan insan üçün ilk baxışda bu yazı sadəcə bir kağız üzərində olan mürəkkəb çubuqları dəstidir.
Sonra ona Çin dilində yazılmış başqa bir kağız vərəqi və əlavə olaraq Çin dilində iki mətni müqayisə etmək üçün doğma ingilis dilində təlimat verilir. Təlimat ümumi kontekst çərçivəsində oxşar simvolların müəyyənləşdirilməsinə və onların meydana gəlməsi qanunauyğunluqlarını qavramağa kömək edir.
Sınaqların sonuncu mərhələsində iştirakçıya Çin dilində olan materialla yanaşı, ingilis dilində növbəti təlimat verilir. Həmin təlimat Çin dilində olan sonuncu mətnin əvvəlki ikisi ilə müqayisəsini əks etdirirdi.
Bu cür davamlı tapşırıqların sonunda iştirakçıdan Çin heroqlifləri ilə yazı yazmaq xahiş edilir. “Çin otağı”nın iştirakçısı formal simvolik qanunauyğunluqları o qədər yaxşı mənimsəyə bilmişdi ki, həqiqətən Çin heroqlifləri ilə aydın və başa düşülən bir mətn yazmağı bacarır”.
Bəs yaxşı, sınaqlarda iştirak edən həmin ingilis həqiqətən Çin dilini başa düşürdümü? Professor Con Serl bu suala qəti şəkildə – “xeyr” cavabını verir. Çünki anlama şifahi nitq, yazı və s. material daşıyıcılara yönəldilmədən öncə özündə daxili semantik məzmunu cəmləşdirə bilən ilkin intensionallıq aktları ilə müşayiət olunmalıdır. Dilin intensionallığı törəmədir.
“Çin otağı” sınaqlarının nəticəsini qiymətləndirənlərdə belə bir xülya yarandı ki, iştirakçı həqiqətən Çin dilini öyrənib, əslində, sınaqlar əks nəticəni göstərirdi. Çünki həmin şəxs özünün heç bir “intensional iştirak”ı olmadan işarələr sistemi ilə formal əməliyyatlar aparmağı öyrənmişdi.
Çin dilində olan yazının məzmununu yalnız psixikası fundamental intensional bazaya malik olan şəxslər anlaya bilərdi. “Çin otağı”nın iştirakçısı isə öz yazdıqlarından heç nə anlaya bilmirdi.
Con Serlin fikrincə, sınaqlarda iştirak edən ingilisdilli şəxsin fəaliyyəti tamamilə süni intellektin işinə bənzəyir.
Texnologiya sahəsində əldə edilmiş uğurlara baxmayaraq, ilkin və törəmə intensionallıqlar arasında fundamental boşluğun aradan qaldırılması mümkün olmadığı üçün süni intellekt əsla insan şüuru səviyyəsinə çata bilməz.

Xüsusi proqramlar vasitəsilə güclü zehni fəaliyyət illüziyaları

Süni intellekt xüsusi proqramlar vasitəsilə şüurun imkanlarını dəfələrlə üstələyən güclü zehni fəaliyyət illüziyaları yarada bilər. Onun bu fəaliyyətinin nəticələri insanlar üçün həqiqətən faydalı ola bilər.
Buna baxmayaraq, süni intellektin insanın “idrak qardaşı” olduğunu düşünə bilməyimiz üçün heç bir əsasımız yoxdur. Süni intellekt düşünmə qabiliyyətinə malik deyil.
Süni intellektin fəlsəfəsinə linqvistik yanaşma ilə nəzər yetirdikdə “Çin otağı” sınaqları bir daha sübut edir ki, süni sistemlər dilinin semantikası yoxdur. İnsan-kompüter interfeysi sistemində işlərin hamısı yalnız sintaktik səviyyədə aparılır.
Yaponiyalı neyrobioloq Rioto Kanai və onun həmkarlarının fikrincə, süni intellektə insanların dilini öyrətməkdənsə, öz yeni dilini yaratmaq imkanı vermək daha yaxşıdır. İnsanlar arasında hər hansı çətinliyi, o cümlədən gündəlik məişət problemlərini həll etmək məqsədilə öz aralarında ünsiyyət qurmaq üçün bir dilə ehtiyac duyulur. Onlar problemi bu şəkildə izah edirlər: “Bu gün süni intellekt bizimlə eyni dildə danışa bilmirsə, onları başa düşə bilmiriksə və onlar bizi anlaya bilmirlərsə, səmərəli əməkdaşlıqdan danışa bilmərik. Müasir neyron şəbəkələrinin mürəkkəbliyi içərisində süni intellektin necə qərar verdiyini çətinliklə anlaya və insanların anladığı bir dilə çevirə bilərik”.
Məhz buna görə, Kanai və həmkarları istəyirlər ki, süni intellekt öz dilini yaratsın. Mühəndislər isə robotların “dediklərini” insanların anladıqları hər hansı dilə çevirə bilərlər. “SpaceX”in yaradıcısı və baş direktoru İlon Mask və bəzi dilçi alimlər iddia edirlər ki, süni intellekt bizi insan dilinə qarşı çıxmağa məcbur edir.

Texnologiya 2019-09-02 15:14:00