×
A
A
A
Sazlamalar

“Union Pay International” ilə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

Bakı, 2 sentyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Union Pay International” beynəlxalq kart təşkilatı ilə təcrübə mübadiləsinin aparılması imkanlarını müzakirə edib.
MBNP-dən AZƏRTAC-a bildirilib ki, “Union Pay International” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qonaqlara ölkədə nağdsız ödənişlər və onların inkişaf səviyyəsi, bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində atılan addımlar, ödəniş ekosistemində formalaşdırılacaq yeni qanunvericilik bazası haqqında ətraflı məlumat verilib, kart təşkilatının ölkədə fəaliyyətinin genişləndirilməsi, bu təşkilat tərəfindən ölkə bazarında təqdim ediləcək məhsul və xidmətlər, habelə innovativ ödəniş alətlərinin tətbiqi istiqamətləri müzakirə edilib.
Gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə, həmçinin nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları, habelə bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.

Maliyyə 2019-09-02 13:19:00