×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Orduda səmti müəyyənetmə birinciliyi keçirilib

Bakı, 31 avqust, AZƏRTAC
Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb.
Sonra 15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən yarışın şərtlərinə əsasən hərbi qulluqçular 8 kilometr məsafədə 10 nöqtəni aşkar ediblər. Yarışın keçirilməsində məqsəd hərbi qulluqçuların kompas və xəritədən istifadə etməklə səmti müəyyənetmə vərdişlərini təkmilləşdirmək, dözümlülüyünü yoxlamaq və ən bacarıqlı idmançıları müəyyənləşdirmək olub.
Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışında komanda hesabında birinci yerdə xüsusi təyinatlı birləşmənin, ikinci yerdə tank hissəsinin, üçüncü yerdə isə Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının komandaları qərarlaşıblar.
Fərdi hesabda isə birinci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mahir İbrahimov, ikinci yerə gizir Kamran Mustafazadə, üçüncü yerə gizir Məhəmməd Rüstəmov layiq görülüb.
İlk üçlükdə yer alan idmançılar və komandalar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıb.

Ordu 2019-08-31 20:29:00