×
A
A
A
Sazlamalar

Sentyabrda havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacaq

Bakı, 31 avqust, AZƏRTAC

Sentyabrda havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağı gözlənilir. Yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci və ikinci ongünlükdə qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3° yüksəkdir. Havanın temperaturu gecələr 17-22°, gündüzlər 26-31°, bəzi günlərdə 33-36° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 12-23 millimetr) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 26-31°, bəzi günlərdə 34-37° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-13 millimetr) ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-18° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 18-23°, bəzi günlərdə 26-31° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (34-50 millimetr) bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturu gecələr 16-21°, gündüzlər 24-29°, bəzi günlərdə 32-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (17-44 millimetr) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperatur 18-23° isti olacaq. Bu da iqlim normasına yaxın və 3° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 32-35° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-120 millimetr) ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 27-32°, bəzi günlərdə 34-37° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 14-38 millimetr) bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 20-24° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 23-28°, bəzi günlərdə 32-34° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 50-199 millimetr).

Ekologiya 2019-08-31 12:24:00