×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir

Bakı, 30 avqust, AZƏRTAC

SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, emal kompleksində alınan məhsulları yüksək standartlara çatdırmaq, habelə Azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Belə layihələrdən biri kimi, məhz Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası və yenidən qurulması layihəsi çərçivəsində görülən işlər, eləcə də layihələrin cari statusu ilə tanışlıq məqsədilə avqustun 30–da respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün emal müəssisəsinə press-tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri zavodun istehsalat sahələri və əsas qurğuları ilə tanış olub, aparılan yenidənqurma işləri haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin “Avro-5” standartlarına çatdırılması, ölkənin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, benzin və dizel yanacağına artan tələbatın ödənilməsi, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı istehsalının artırılması, “Azərkimya” İB-nin qaz xammalı ilə (propan-propilen, butan-butilen fraksiyaları və sair quru qazlarla) təmin olunması, habelə ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiq edilməsi, istismar xərclərinin azaldılması və gəlirliliyin artırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir.
Layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye-qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlərin həcmi iki hissəyə - yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb. Hər iki paket üzrə “EPC” (Layihələndirmə, Satınalma və Tikinti) podratçılar 2017-ci ildə ABŞ-ın “KBR” şirkəti tərəfindən dünya üzrə ən qabaqcıl “EPC” şirkətləri arasında aparılan seçmə müsabiqəsi nəticəsində müəyyənləşdirilib və seçilmiş şirkətlər 2018-ci ilin əvvəlindən işlərə başlayıb.
Paket A (yeni qurğular) üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın “Tecnimont-KT” alyansı cəlb edilib. Bu paket çərçivəsində yeni dizel yanacağının hidrotəmizlənməsi, benzinlərin hidrotəmizlənməsi, kükürdün alınması, izomerləşmə, MTBE, hidrogen alınma, maye-qazın hidrotəmizlənməsi üzrə merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulur. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90 faizi, satınalma işlərinin 72 faizi, tikinti işlərinin isə 17 faizi icra olunub. Əsas və istehsalı uzun müddət tələb edən avadanlıqların əksəriyyəti əraziyə çatdırılıb, həmin avadalıqların bir hissəsi artıq quraşdırılıb, işlər plana uyğun olaraq davam etdirilir və ümumi olaraq işlərin 53 faizi icra edilib.
Quraşdırılan avadanlıqlar arasında 526 ton ağırlığında Dizelin Hidrotəmizlənməsi qurğusunun reaktoru indiyədək ölkəyə gətirilən ən ağır avadanlıq olaraq tarixə düşüb.
Paket B (rekonstruksiya olunacaq qurğular) üzrə işlərin icrasına əvəzi ödənilən müqavilə əsasında İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkəti cəlb edilib. Layihə üzrə xərclərin minimuma endirilməsi və yeni qurğuların inşası əvəzinə mövcud qurğularda rekonstruksiya işlərinin həyata keçirilməsi məqsədilə bu paket çərçivəsində mövcud “ELOU-AVT-6”, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum Qazoylun Hidrotəmizlənməsi və bir sıra digər qurğuların, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulurdu. Bu qurğuların dəqiq vəziyyətinin, qalıq istismar müddətinin müəyyənləşdirilməsi yalnız “EPC” podratçısının cəlb edilməsindən sonra mümkün idi. Çünki “EPC” podratçısı müvafiq texniki audit, təftiş və metalın vəziyyətinin müəyyənləşdirilməsi üçün qeyri-destruktiv və digər sınaqları həyata keçirməli, nəticələr əsasında qurğuların gələcək istismarına dair müvafiq zəmanətlər verməlidir. 2018-ci ilin əvvəlində işə başlayan “TR” şirkəti həmin ilin oktyabrda NEZ-in təmirə dayanması zamanı bütün tələb olunan texniki audit işlərini həyata keçirib, nəticələri təhlil edib. Əldə olunan nəticələr 2019-cu ilin birinci rübündə Layihənin idarə olunması üzrə podratçı (“PMC”) - “WOOD Group” şirkətlər qrupuna daxil olan “AMEC-Foster Wheeler Italiana” şirkətinə və SOCAR-a təqdim edilib. “PMC” və “TR”ın rəyləri nəticəsində rekonstruksiyası nəzərdə tutulan qurğuların gözlənildiyindən daha pis vəziyyətdə olduğu müəyyən edilib. Bununla əlaqədar, işlərin həcmi kəskin artıb və yenidənqurma işlərinin dəyəri yeni qurğuların inşa olunması dəyərinə yaxınlaşıb. Bəzi qurğularda, məsələn, Katalitik Krekinq qurğusunda 90 faizədək avadanlıqların dəyişdirilməsinə zərurət yaranıb, eyni zamanda NEZ-in fəaliyyətdə olan qurğularında aparılacaq tikinti işləri riskləri artırıb.
Artmış işlərin həcminin yerinə yetirilməsi üçün Katalitik Krekinq qurğusunun əvvəl planlaşdırıldığı 2 ay əvəzinə 15-18 ay müddətinə dayandırılmasına zərurət yaranırdı. Bu isə öz növbəsində ölkəyə böyük miqdarda avtomobil benzinlərinin, dizel yanacağının, aviakerosinlərin və Azərkimya İstehsalat Birliyinin tələbatının ödənilməsi üçün xammalın idxalına və bununla əlaqədar böyük xərclərə səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, rekonstruksiyası nəzərdə tutulan “ELOU-AVT-6”, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya qurğularının yeniləri ilə əvəz olunması “TR” və “PMC” tərəfindən tövsiyyə edilib. Qeyd olunan tövsiyyələr Layihə üzrə Dövlət Kommissiyasına təqdim edilib. Qərara alınıb ki, yeni qurğuların quraşdırılması ilə ən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunması baxımından olduqca önəmli olacaq və ölkə əhalisinin növbəti 25-30 il ərzində ən müasir standartlara cavab verən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə zəmin yaradacaq, həmçinin zavodun uzun müddətli etibarlı şəkildə istismarı təmin olunacaq. Əldə olunmuş razılığa əsasən illik 7,5 milyon ton gücündə yeni “ELOU-AVT”, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının inşa olunması planlaşdırılır. Artıq bu istiqamətdə mühüm tədbirlərə start verilib.
Paralel olaraq, 2021-ci ildə ölkədə “Avro 5” standartına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin mərhələli şəkildə icra edilərək, 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Ən müasir standartlara cavab verən tam yeni qurğuların inşası, SOCAR-ın qlobal reytinqinin artmasına, kəmiyyət və keyfiyyət göstəricilərinin lazımı səviyyədə təmin edilməsi üçün texnoloji rejimin rahat və təhlükəsiz şəraitdə aparılmasına, tam komplekt mexaniki və texnoloji zəmanətlərin əldə olunmasına, ekoloji cəhətdən daha təmiz istehsalatların yaradılmasına, ölkə əhalisinin etibarlı və davamlı şəkildə uzun illər ərzində ən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə, neft-kimya istehsalatları üçün tələb olunan xammalının istehsalına, növbəti 4-5 il ərzində layihənin icrası zamanı minlərlə yeni iş yerlərinin açılmasına, yüzlərlə yerli şirkətlərin işlə təmin edilməsinə xidmət edəcək.

Neft - qaz 2019-08-30 17:49:00