×
A
A
A
Sazlamalar

Ağcabədinin pambıq tarlalarında defolyasiya işlərinə başlanılıb

Ağcabədi, 30 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikanın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermerlər məhsul yığımına hazırlaşırlar. Sahələr alaq otlarından bir daha təmizlənir, sahə kənarları hamarlanır, texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Bu gündən etibarən pambıqyığan maşınla məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə başlanılıb.
Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 5152,25 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.
Ağcabədili pambıqçılar min bir zəhmət bahasına yetişdirdikləri məhsulun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri aparırlar. Rayonda pambıq yığımına 40-dan çox pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Pambığın yaxın günlərdə əllə, sentyabrın 10-dan sonra isə maşınlar vasitəsilə yığımına başlanacaq. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Ağcabədidə 26 min tondan çox pambıq istehsalı gözlənilir.
Qeyd edək ki, ötən il Ağcabədidən olan “ağ qızıl” ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıl sıralarda olub.

Kənd təsərrüfatı 2019-08-30 19:34:00