×
A
A
A
Sazlamalar

Bankların aktivləri 30 milyard 90 milyon manat, öhdəlikləri 25 milyard 507 milyon manat olub

Bakı, 30 avqust, AZƏRTAC
İyulun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 90 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 507 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 583 milyon manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulda sektorun aktivlərinin 44,3 faizini kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1,5 faiz (196,2 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyard 342,3 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2,5 faiz (210,1 milyon manat) artaraq 8 milyard 650,7 milyon manata çatıb.
İyulda fiziki şəxslərin əmanətləri 8 milyard 471,6 milyon manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0,4 faiz (19,9 milyon manat) artaraq 5 milyard 357,4 milyon manat olub. Artım milli valyutada olan əmanətlər (58,7 milyon manat, 2,5 faiz) üzrə baş verib.
Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3,7 faiz (375,7 milyon manat) artaraq 10 milyard 573,2 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 11,4 faiz (257,6 milyon manat) artaraq 2 milyard 510,8 milyon manat təşkil edib. Milli valyutada olan depozitlər 6,9 faiz (274 milyon manat) artaraq 4 milyard 246,3 milyon manata, xarici valyutada olan müddətli depozitlər isə 12,3 faiz (249,8 milyon manat) artaraq 2 milyard 285,5 milyon manata çatıb.
Sektorun balans kapitalı iyulda 0,4 faiz (16,7 milyon manat) azalaraq 4 milyard 583 milyon manat olub.
İyul ayında bankların əməliyyat mənfəəti 13,9 faiz (57,7 milyon manat) artaraq 472,4 milyon manat, xalis mənfəəti isə 406,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,7 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,2 faiz artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 128, ATM-lərin sayı 2 min 582 olub. Bank sektorunun işçi heyətinin sayında artım iyulda da davam edib. Belə ki, iyul ayında işçi sayı 0,8 faiz (146 nəfər) artaraq 18 min 434 nəfərə çatıb.

Maliyyə 2019-08-30 19:24:00