×
A
A
A
Sazlamalar

Ağcabədidə Toxum Emalı Zavodunda son tamamlama işləri aparılır

Bakı, 30 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində dənli bitkilərin toxum emalı zavodu inşa edilir. Ötən ilin dekabrından başlayan tikinti işləri növbəti ilin səpin vaxtına kimi yekunlaşacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ümumi sahəsi 1 hektardan çox olan müəssisədə artıq son tamamlama işləri aparılır. Ağcabədi Toxum Emalı Zavodu saatda 5 ton toxum emal etmək gücünə malik olacaq.
Məlumata əsasən, zavod inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbarlardan ibarətdir. Müəssisədə toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.
Qeyd olunub ki, zavodda emal prosesi dörd mərhələdə aparılacaq. İlk mərhələdə dənli bitkilərin içərisindəki daş qırıntıları və saman çöpləri təmizlənəcək. Ağcabədi toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.
Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkündür. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə, ilk növbədə, IP təqdim ediləcək. Bununla da, onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.
Ağcabədi Toxum Emalı Zavodu mövsümdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması və sertifikatlanması həyata keçiriləcək.

Kənd təsərrüfatı 2019-08-30 18:36:00