×
A
A
A
Sazlamalar

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 30 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - avqustun 31 və sentyabrın 1-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Sentyabrın 1-də gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-23°, dağlıq rayonlarda 15-18° isti olacaq.
Lənkəran-Astara bölgəsində qeyri-sabit, yağışlı hava şəraiti sentyabrın 1-i günün ikinci yarısınadək davam edəcək. Yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-26°, dağlıq rayonlarda 16-20° isti olacağı ehtimal edilir.
Qazax-Gəncə zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i və sentyabrın 1-də gündüz saatlarında yağışda fasilə olacaq. Arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i axşam, sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-də günün ikinci yarısında və sentyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28° isti olacaq.
Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Avqustun 31-i günün ikinci yarısında və sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-26° isti olacağı ehtimal edilir.

Ekologiya 2019-08-30 18:07:00