×
A
A
A
Sazlamalar

“Azərbaycan Dəmir Yolları” bələdçilər üçün təlimlərə başlayıb

Bakı, 30 avqust, AZƏRTAC

Sərnişindaşıma ilə məşğul olan qurumların üzləşdiyi əsas problemlərdən biri, sərnişinlərin xidmətdən narazı qalmasıdır. Bu baxımdan istər özəl şirkətlər olsun, istərsə də dövlət qurumları tərəfindən sərnişinlərin xidmətdən razı qalması üçün, onları narahat edə biləcək ən kiçik xırdalıqlara diqqət yetirilir. Burada əsas məsuliyyət sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların üzərinə düşür.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bütün bunları nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” bələdçilər üçün “Müştəri məmnuniyyəti” mövzusunda təlimlərə start verib.
Təlimlər hər bir qrup üçün 3 gün keçirilir və ümumilikdə 500 bələdçini əhatə edəcək. 300-ə yaxın bələdçi artıq təlimi bitirib. Məqsəd, xidmət səviyyəsini artırmaqla, müştəri məmnuniyyətini təmin etməkdir. Təlimlərdə bələdçilərə daha çox sərnişinlərin qarşılanması, onlara yüksək və keyfiyyətli xidmətin göstərilməsi, hər bir sərnişinə individual yanaşma, həmkarları ilə xoş rəftar, ən əsası isə müxtəlif çətin situasiyalarda davranış qaydaları aşılanır. Çünki pozitiv bələdçi məmnun sərnişin deməkdir.
Sirr deyil ki, bəzi sərnişinlərlə ünsiyyətə girmək, o qədər də asan olmur. Təlim layihəsinə cəlb olunmuş təlimçilərin missiyalarından biri də, konfliktə səbəb olan ifadələrdən istifadə etməmək kimi vərdişləri aşılamaqdır.
Təlimlər sentyabrın sonunadək yekunlaşacaq və iştirakçılara sertifikatlar təqdim ediləcək. Növbəti mərhələdə isə yük qəbulu üzrə mütəxəssislər və bilet satışı ilə məşğul olan kassirlər bu təlimlərə cəlb olunacaq. Onu da bildirək ki, gələcəkdə dəmiryolçuların maarifləndirilməsi və peşəkarlıq imkanlarının inkişafı üçün yeni yaradılmış “Maarifləndirmə və İnkişaf Mərkəzi” bu məqsədlə ayrılmış başqa coğrafi məkana köçəcək. Bunun üçün “ Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus köhnə müəssisələrdən biri seçilib və təmir-tikinti üzrə layihələndirmə işlərinə start verilib. Adıçəkilən Mərkəzdə texniki laboratoriyaların, tədris avadanlıqlarının, simulyator otaqlarının, bir sözlə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün vacib olan bütün vasitələrin quraşdırılması nəzərdə tutulur.

Nəqliyyat 2019-08-30 18:00:00