Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

KİV nümayəndələri “bir pəncərə” prinsipi ilə işləyən elektron müraciət sistemi ilə tanış olublar YENİLƏNİB

Bakı, 30 avqust, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən KİV nümayəndələri üçün “bir pəncərə” prinsipi ilə işləyən elektron müraciət sistemi ilə tanışlıq məqsədilə press-tur keçirilib.
AZƏRTAC xəbər verir ki, press-turda ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazə alınmasının elektron müraciət qaydasından danışılıb.
Komitə sədrinin müşaviri Rüfət Mahmud elektron sistemin yaradılmasının tarixinə toxunub.
Bildirib ki, bu gün Azərbaycanda biznes mühitinin institusional əsaslarının daha da gücləndirilməsi, xüsusilə azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azadılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması üçün kompleks islahatlar həyata keçirilməkdədir.
Tikinti sahəsində də biznes mühitinin əlverişliliyinin artırılması ölkə rəhbərliyi tərəfindən təyin edilmiş əsas istiqamətlərdəndir. Belə ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə Bakı şəhərində ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazə sadələşdirilmiş, bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanaraq cari ilin fevralın 21-dən etibarən istifadəyə verilib.
R.Mahmud məhz tikintiyə icazələrin alınması sahəsində yaradılan şəffaf mühitin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini, Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə ölkəmizin siyahıda 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşdığını bir daha diqqətə çatdırıb.
Qeyd edilib ki, Fərmana əsasən sistem vasitəsilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti və anbar binalarının layihələri ilə bağlı icazələri almaq mümkündür. Sistem məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və əlverişli mühitin yaradılması, əlavə vaxt itkisinin qarşısının alınması, həmçinin daha sürətli və şəffaf icra mexanizmi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə hesablanıb.
Bu günədək elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 38 müraciət daxil olub ki, onlardan 21-i komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib.
Sonra press-tur iştirakçıları üçün sistemin iş sxemi barədə ətraflı məlumatı özündə əks etdirən video-çarx nümayiş olunub. Həmçinin elektron sistemin əməliyyatçısı tərəfindən canlı şəkildə prosesin necə icra edildiyi görüntülü izah edilib.
Bildirilib ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir ki, sənədi həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək kifayətdir.
Diqqətə çatdırılıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “bir pəncərə” psinsipi əsasında çalışan elektron sistemin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan prioritetlərdəndir. Qısa zamanda elektron sistem vasitəsi ilə nəinki eskpertizası tələb olunmayan, həm də ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələri almaq mümkün olacaq. İcazə modeli Bakı şəhəri ilə yanaşı, ölkə üzrə tətbiq ediləcək ki, hazırda bu istiqamətdə müvafiq işlərə başlanılıb.
Press-turun iştirakçılarına proseslə bağlı ətrafı məlumat verildikdən sonra komitə əməkdaşları tərəfindən KİV nümayəndələrinin elektron sistemlə bağlı sualları cavablandırılıb.

Tikinti̇ 2019-08-30 12:47:00