×
A
A
A
Sazlamalar

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva rayondakı dini durum barədə məlumat verib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov DQİDK tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və bölgələrdə ardıcıl olaraq dəyirmi masaların və konfransların keçirildiyini qeyd edib. O vurğulayıb ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin, mənəvi dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsidir. Sədr müavininin sözlərinə görə, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi, o cümlədən dini dəyərlərin təbliği düzgün aparılmalıdır.
Dövlətin dinə qayğısından da bəhs edən Səyavuş Heydərov deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mənəvi dəyərlərimizə dövlət qayğısı siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Din xadimlərinə maddi dəstəyin verilməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ibadət yerlərinin tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının bariz nümunəsidir.
Səyavuş Heydərov bildirib ki, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgəyaşayışı baxımından dünyaya nümunədir. Bəzi dairələr tərəfindən respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlərin edildiyini diqqətə çatdıran natiq bu kimi mənfi halların qarşısının qətiyyətlə alındığını söyləyib.
Sədr müavini xurafat, dini ekstremizm və radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb və eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar tövsiyələrini verib.

Din 2019-08-29 16:31:00