×
A
A
A
Sazlamalar

Kənd Təsərrüfatı Nazirliyinin gənc alim və tədqiqatçıları üçün seminar keçirilib

Bakı, 29 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin gənc alim və tədqiqatçıları üçün “Beynəlxalq elmi jurnallarda məqalənin yazılması və nəşr olunma qaydaları”mövzusunda seminar keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarı Kənd Təsərrüfatı Nazirliyinin Təlim və Təhsil şöbəsinin dəvəti ilə “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, sosial elmlər üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova aparıb.
Kənd Təsərrüfatı Nazirliyinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva çıxış edərək bildirib ki, seminar elmi tədqiqatçıların elmi potensialını gücləndirmək, gənc alimlərin yerli və beynəlxalq jurnallarda daha çox məqalələrinin nəşr edilməsinə nail olmaq məqsədilə keçirilir. Nazirlik rəsmisi xarici jurnallarda azərbaycanlı mütəxəssislərin tədqiqatlarının nəşr olunmasını beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya istiqamətində mühüm addım adlandırıb.
Ekspert Xəyalə Məmmədova Azərbaycan alimlərinin əsərlərinin mütəmadi olaraq dünyanın nüfuzlu jurnallarında dərc edilməsi üçün maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu qeyd edib. Daha sonra o, beynəlxalq tələblərə cavab verən elmi məqalələrin strukturunun formalaşdırılması, elmi məqalələrin jurnallarda çap olunması, elmi jurnalların araşdırılması və seçilmə qaydaları ilə bağlı təqdimatla çıxış edib. Məruzəçi elmi məqalələrin beynəlxalq jurnallara təqdim edilmə qaydaları, məqalələrin çap olunması üçün müəyyən bacarıqların inkişaf etdirilməsi, redaktor və rəyçilərin suallarının cavablandırılması mövzuları ilə bağlı ətraflı məlumat verib.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Kənd təsərrüfatı 2019-08-29 15:22:00