Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinin formalaşması, dini radikalizmlə mübarizə və dini maarifləndirmə sahəsində QHT-lərlə dini qurumların birgə fəaliyyətinin önəmi barədə danışıb.
Din sahəsində qarşıda duran məqsədlərə, xüsusilə dini-ideoloji, milli və ictimai təhlükəsizlik baxımından hədəflərə toxunan G.İsmayılov bildirib ki, DQİDK-nın bu istiqamətlərdə müvafiq dövlət qurumları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır. Sədr müavini vurğulayıb ki, dini sahədə radikalizmlə yanaşı, din pərdəsi adı altında milli kimliklə dini kimlik anlayışının, azərbaycançılıq ideologiyası ilə İslamın qarşı-qarşıya qoyulması, dünyəvilik prinsiplərinə zidd təbliğatın aparılması, qadın hüquqlarına, Azərbaycanın ənənəvi ailə institutuna, dünyəvi təhsil sisteminə qarşı təhdid cəhdləri var. Bu kimi təhdidlərə qarşı dini maarifləndirmənin, xalqımızın tolerant, multikultural və mənəvi dəyərlərinin təbliğ və təşviq edilməsi olduqca vacibdir. Bu istiqamətlərdə, xüsusilə Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli”ndə qeyri-hökumət təşkilatlarının kifayət qədər fəallıq nümayiş etdirdiyini qeyd edən G.İsmayılov vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlərin olduğunu deyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərtərəfli tədbirlərin həyata keçirildiyini bildirib. Mövzunun əhəmiyyətinə toxunan F.Qurbanov təmsil etdiyi qurumla DQİDK arasında birgə fəaliyyət haqqında imzalanan protokola əsasən icra edilən layihələrin dini radikalizmə qarşı mübarizəyə, milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verdiyini vurğulayıb.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, DQİDK yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev çıxışı zamanı qeyd edib ki, QHT-lər hər zaman dövlətin maraqlarının qorunması, ictimai əhəmiyyətli məsələlərin həllində fəallıq nümayiş etdirirlər. Dini icmaların da vətəndaş cəmiyyətinin tərkib hissəsi olduğunu vurğulayan Ə.Nuriyev sosial şəbəkələrin ictimai rəyə hakim kəsildiyi bir zamanda dini məlumatlara malik şəxslərin xüsusi fəallıq göstərməsinin vacibliyindən danışıb. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı kadrların və QHT-lərin potensialından istifadənin önəmli olduğunu qeyd edib.
“Din və Demokratiya Mərkəzi” İctimai Birliyinin sədri Nəriman Qasımoğlu bildirib ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti mövcuddur. Bu modeli və sabitliyi qorumaq üçün maarifləndirici tədbirlər davam etdirilməlidir. O, eyni zamanda, dini icmaların ictimai cəhətdən faydalı layihələrə, kampaniyalara cəlb edilməsinin zəruriliyindən bəhs edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü çıxışlarında cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində müvafiq qurumlar arasında koordinasiya şurasının yaradılması və bu prosesə internet medianın cəlb edilməsi, eləcə də layihələrin daha uzun müddətli olması barədə fikirlər səsləndiriblər.
Müzakirələrlə davam edən konfrans zamanı dini qurumların vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələri reallaşdırmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.

Din 2019-08-29 12:08:00