×
A
A
A
Sazlamalar

İradə İbrahimova: Çimərlik mövsümü başa çatsa da biz Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq

Bakı, 29 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas fəaliyyət hədəflərindən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. İstirahət mövsümü başa çatsa da, biz Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik. Axı niyə dənizin çirkləndirilməsinin qarşısını bu gün almayaq, niyə bu gün görməli olduğumuz işləri sabaha saxlayaq? Çünki Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmazsa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova avqustun 29-da keçirilən mətbuat konfransında deyib.
Mətbuat katibinin sözlərinə görə, bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib: "Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq. Bir də ən əsas narahatedici məqam da var ki, bu da vətəndaş olaraq özümüzün istirahət üçün üz tutduğumuz yerlərə müəyyən qədər biganəliyimizdir. Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən çox vaxt bir günlə yaşayırıq. Sabahı fikirləşmədən tullantılarımızı hara gəldi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Beləliklə özümüz özümüzə qayğısız yanaşırıq və nəticədə yenə də yan-yörəmizi çirkləndirməklə fəsadlarla özümüz üzləşirik. Odur ki, çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".

Ekologiya 2019-08-29 11:48:00