×
A
A
A
Sazlamalar

Dini radikalizmlə mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirmə işinin aparılması zəruridir

Bakı, 28 avqust, AZƏRTAC

DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev Prezident İlham Əliyevin dinə və dindarlara diqqət və qayğısından bəhs edib, rayondakı dini durum barədə ətraflı məlumat verib.
DQİDK sədrinin müavini Gündüz İsmayılov təqdimatla çıxış edib. O, Azərbaycanın dünyaya zəngin multikulturalizm modeli təqdim etdiyini bildirib. Sədr müavini vurğulayıb ki, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı Azərbaycanda multikulturalizm siyasətinin banisi ulu öndər Heydər Əliyevdir. Ümummilli Liderin bu siyasəti dövlət başçımız tərəfindən uğurla davam etdirilir.
Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə də məlumat verən sədr müavini vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Natiq ölkəmizdəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq deyib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. G.İsmayılov bildirib ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir.
Hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir”, - deyə sədr müavini əlavə edib.
Rayon təhsil şöbəsinin müdiri Zaur Məmmədov və Gənclər və idman idarəsinin rəisi Samir Həsənov mövzu ilə bağlı fikirlərini bildiriblər, keçirilən tədbirlərin gənclərin dini radikalizmə qarşı maariflənməsində önəminə diqqət çəkiblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK tərəfindən nəşr olunan kitablar paylanılıb.

Din 2019-08-28 15:57:00