×
A
A
A
Sazlamalar

Yardımlıda indiyədək 3 tona yaxın quru tütün tədarük olunub

Yardımlı, 28 avqust, Bağır Əliyev, AZƏRTAC

Sovetlər dönəmində Yardımlı ölkəmizdə tütünçülüklə məşğul olan rayonlardan biri idi. Həmin dövrdə rayonda hər il 500 hektara yaxın sahədə tütün əkilirdi. Sonralar rayonda tütün əkini aparılmadı. İyirmi bir illik fasilədən sonra - 2016-cı ildə rayonda yenidən 10 hektar sahədə tütün əkilib.
Dağlıq ərazidə daha yaxşı yetişən bitkidən bol məhsul və yaxşı qazanc götürən təsərrüfat sahibləri sahələri ilbəil genişləndirirlər. Tütün sahələri bu il genişləndirilərək 55 hektara çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlının tütün sahələrində yığım kampaniyası davam edir. Rayonda tütünçülüyü inkişaf etdirmək üçün istifadəyə verilən qurutma məntəqələri məhsulun vaxtında və itkisiz təhvil verilməsinə imkan yaradıb.
Tütün əsasən rayonun Şiləvəngə, Orakəran, Avaş və Ərus kəndlərində yetişdirilir.
Sahələrdən yığılan tütün rayonun Orakəran kəndi ərazisindəki tədarük məntəqələrinə gətirilir. Burada hər birinin tutumu 4 ton olan qurutma kameraları fəaliyyət göstərir. Təxminən 1 həftə müddətində tütün qurudulduqdan sonra anbarlara yığılır. Bu günə qədər rayonda 3 tonadək quru tütün tədarük olunub.
Məhsulun satış məsələsi də həll olunub. Bağlanmış müqaviləyə əsasən qurudulmuş tütün Zaqatala rayonunda fəaliyyət göstərən emal müəssisəsinə satılır.
“Azərtütün ASK” MMC tərəfindən bu il yaş tütünün tədarük qiymətinin artırılaraq 1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27 AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18 AZN-ə çatdırılması fermerləri və məhsul istehsalçılarını daha yaxşı işləməyə sövq edib.

Kənd təsərrüfatı 2019-08-28 13:47:00