×
A
A
A
Sazlamalar

Yevlax pambıqçıları məhsul yığımına hazırlaşırlar

Yevlax, 28 avqust, AZƏRTAC

Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər məhsul yığımına hazırlaşırlar. Sahələr alaq otlarından təmizlənir, sahə kənarları hamarlanır, texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Yevlax rayonunda 2406 hektarda çiyid səpini həyata keçirilib. Sahələrə əsasən yerli şərait üçün əlverişli sayılan “Gəncə 110”, “Karizma” və “Bəyaz altun” pambıq sortları əkilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Rayonda pambıq yığımına 8 ədəd pambıqyığan kombayn, 18 ədəd traktor, 55 ədəd qoşqu, 6 ədəd dərmansəpən traktor və sair texnika və qurğular cəlb ediləcək. Bütün texnikalar pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Ötən il 5296,4 ton məhsul toplayan yevlaxlı fermerlər bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.

Kənd təsərrüfatı 2019-08-28 13:17:00