×
A
A
A
Sazlamalar

Cəlilabadlı fermer: Günəbaxan tumunun satışında heç bir problem yoxdur VİDEO

Cəlilabad, 28 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Vətəni Amerika olsa da, günəbaxan bitkisinin istehsalına ölkəmizdə də ilbəil maraq artır. Təsərrüfatçıların bu sahəyə üstünlük verməsinin əsas səbəbi günəbaxanın məhsuldarlığının yüksək olması, bazardakı yeri və ən əsası quraqlığa davamlılığıdır.
AZƏRTAC xəbər verir ki, günəbaxan texniki bitki olduğu üçün sənaye əhəmiyyəti getdikcə artmaqdadır. Bu bitki insanların duru yağa olan tələbatının təmin edilməsində və heyvandarlıq sahəsində yemlərin hazırlanmasında strateji bitki sayılır.
Son illər respublikamızda günəbaxan əkini sahələri bir neçə dəfə genişləndirilib. Cəlilabadda ötən il 245 hektarda günəbaxan bitkisi əkilmişdisə, bu il əkin sahəsi daha 30 hektar artırılıb. Fermerlər bunu günəbaxan bitkisinin daha çox gəlirli olması ilə əsaslandırırlar. Məhsulun toplanılmasında əsasən əl əməyindən istifadə olunsa da, toxumun tam təmizlənməsi prosesi xüsusi qurğular vasitəsilə həyata keçirilir. Ötən il rayonda günəbaxan sahələrindən 312 ton məhsul yığılıb. Bu il isə 400 tona yaxın məhsulun toplanılması gözlənilir.
Rayonun Alar kənd sakini, fermer Bahəddin Əsgərov bir neçə ildir ki, ailə təsərrüfatında 100 hektardan çox sahədə günəbaxan əkir. Deyir ki, günəbaxan bitkisi məhsulvermə dövrünə qədər iki dəfə suvarılır. Məhsulun satışında isə heç bir problem yoxdur: “Yığdığımız məhsulu əvvəlcə çeşidləyirəm. Sonra birinci növ tum üçün paketlənir. Ölçüsü 40 kalibr olan satışa göndərilir. Ondan aşağı olan tumları isə yağ istehsalı müəssisələrinə satırıq. Ötən il hər hektardan 1 ton 500 kiloqram məhsul götürmüşdüm, bu il isə 1 ton 900 - 2 ton məhsul götürməyi planlaşdırıram. Sağ olsun dövlətimiz, bizə lazımi dəstək göstərir. Qarşılaşdığımız problemlər öz həllini tapır”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, bu sahəni inkişaf etdirmək üçün ən ciddi maneələrdən biri yağlılıq göstəricisi yüksək olan toxumçuluğun və emal sənayesinin zəif inkişafıdır. Əkilən sortların əksəriyyəti Rusiyadan gətirilir, bu sortların yağ çıxımı aşağı olduğu üçün sahibkarlar daha çox gəlir əldə edə bilmirlər. Emal üçün regionlarda müasir zavodların, müəssisələrin tikilməsinə ehtiyac var. Hansı ki, dövlət tərəfindən bu sahəyə güzəştli kreditlər ayrılır, avadanlıqlara subsidiyalar tətbiq edilir. Fermerlər özləri də bu işdə maraqlı olmalıdırlar.
Qeyd edək ki, hazırda yerli bazarlarda günəbaxan toxumu çeşidindən asılı olaraq 1 kiloqramı 60 qəpik - 1 manat 50 qəpik arasında satılır.

Kənd təsərrüfatı 2019-08-28 12:46:00

Video