×
A
A
A
Sazlamalar

Ağdaşda çəltik sahələrində orta məhsuldarlığın 35-40 sentner olacağı proqnozlaşdırılır

Ağdaş, 28 avqust, AZƏRTAC 

Ağdaş rayonunda çəltikçilik ənənəvi sahədir. Cari ildə 757 hektar sahədə çəltik yetişdirən sakinlər məhsul yığımına hazırlıq işlərini başa çatdırıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, çəltikçiliklə əsasən 21 yaşayış məntəqəsinin sakinləri məşğul olur. Şıxlı, Kotavan, Aşağı Nemətabad, Orta Ləki, Yenicə və bir sıra digər kəndlərin ərazilərində əhali əkin sahələrini ildən-ilə artırır.
Keyfiyyəti ilə seçilən yerli düyüyə bazarlarda tələbat çoxdur. Təsadüfi deyil ki, cari ildə ötən ildəkindən 159 hektar çox sahədə çəltik yetişdirilib.
Rayonda çəltik sahələri artıq biçinə hazır vəziyyətə gətirilib. Biçin zamanı istifadə olunacaq kombaynlar saz vəziyyətdədir.
Qeyd edək ki, ötən il hər hektardan orta məhsuldarlıq 35 sentner olub. Cari ildə məhsuldarlığın 35-40 sentnerə çatacağı proqnozlaşdırılır. Bir sıra ərazilərdə məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Rayonun çəltikçilik üzrə qabaqcıl fermerlərindən sayılan Amil Musayev 2019-cu ildə 18 hektarda çəltik yetişdirib. Keçən il yetişdirdiyi sahələrdə məhsuldarlığın 45 sentner olduğunu deyən fermer bu il bu rəqəmin daha çox olacağını söyləyib.

Kənd təsərrüfatı 2019-08-28 12:07:00