×
A
A
A
Sazlamalar

Azərbaycanın neft-qaz sənayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinin qazandığı bütün nailiyyətlərin əsası kimi

Bakı, 27 avqust, AZƏRTAC 

Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra ölkəmizin ən böyük sərvətlərindən olan nefti və qazı ilə dünyanın gündəminə gəldi. Onilliklərlə çar imperiyasının, sovet totalitar rejimi səbəbindən öz sərvətinə əsl sahiblik edə bilməyən xalqımız müstəqil Azərbaycan dövləti şəraitində, nəhayət, öz neftinin və qazının taleyini, milli sərvətlərinin müqəddəratını həll etmək imkanı qazandı.
Ulu öndər Heydər Əliyevin dərin zəkası, müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan özünün gələcək səadət və tərəqqisini təmin edəcək möhtəşəm yola qədəm qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xalqının tarixində yeni, sanballı səhifə açıldı. Bu səhifəyə yazılan hər il Vətənimizin, millətimizin uğur salnaməsinə çevrildi. Belə bir uğurlu strategiya dövlətçiliyimizin qüdrətini və beynəlxalq nüfuzunu təmin edir. Müstəqil dövlətçilik tariximiz üçün önəmli məqam olan neft strategiyamız iqtisadi potensialımızın sarsılmaz bünövrəsini qoydu.
Dörddəbir əsr tarixə malik “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin şah əsərlərindəndir. Bu uğurlu strategiya Azərbaycan xalqının və dövlətinin onilliklər ərzində iqtisadi və siyasi uğurlarına yol açdı. Bu gün Azərbaycan dövlətçiliyinin bütün nailiyyətləri məhz “Əsrin müqaviləsi”nin bəxş etdiyi töhfələrdən bəhrələnib.

Bakı neftinin tarixi və tətbiq edilən texnologiyaların modernləşdirilməsi

Azərbaycanın yeni neft strategiyasının mühüm tərkib hissəsi, heç şübhəsiz ki, neft-qaz sənayesində qazma işlərinin modernləşdirilməsini ehtiva edir. Qədim tarixi köklərə malik Azərbaycan neftinin hasili ən müxtəlif mərhələlərdən keçib. Bu tarixə qısa ekskursiya edək. Məlum olduğu kimi, XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 metr aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilib. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınıb. Məhz həmin dövrdən etibarən Azərbaycanda neft sənayesinin inkişafı başlanmışdır. Neft hasilatının birinci mərhələsi 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanıb, 1920-ci ilə kimi davam edib.

Mexaniki üsulla quyuların qazılmasının texnologiyası inkişaf etdikcə, bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı, Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması”.
XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşu cəmi 4 faiz təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10 faizə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8 faiz) azərbaycanlı idi. O dövrdə neft sənayesinin inkişafında milli neft milyonçularının (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olub. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti – “Bakı neft cəmiyyəti” yaradılır. 1873-cü ildə isveçli Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi.
1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 kilometr uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir.1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 kilometr idi. Bu kəmərlərlə ildə 1milyon ton neft nəql edilirdi.
1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42 faizinə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edilmişdi ki, bu da dünya neft hasilatının 50 faizindən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Uzunluğu 833 kilometr, diametri 200 millimetr olan bu kəmərin tikintisinə 1897-ci ildə başlanılır və 1907-ci ildə başa çatdırılır.
Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 milyon rubl), 37-si isə ingilis kapitalına (100 milyon funt sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 milyon rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin “Hacı-Çeleken” neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 milyon funt sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyularının qazılması ilə məşğul olan 49 orta və kiçik firma, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sex, təmir emalatxanaları və s. fəaliyyət göstərirdi. Bu mərhələnin sonuncu illərində müharibə, inqilabi hərəkat və s. nəticəsində neft sənayesində ağır vəziyyət yaranmışdı və neft hasilatı kəskin surətdə azalmışdı.
İkinci mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə “Neft Daşları” yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 milyon tona enir. İkinci mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 milyon tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76 faizini təşkil edirdi. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 milyon tona düşür.
1949-cu il noyabrın 7-də Neft Daşlarında 942 metr dərinlikli quyunun gündə 100 ton hasilatla istismara daxil olması ilə dənizdə neftçıxarmanın əsası qoyuldu. Beləliklə, üçüncü mərhələ - 1950-ci ildə “Neft Daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı başlanır. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə adası, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilib (Kürovdağ, Mişovdağ, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən “Neft Daşları”nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilib. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunub.
Dördüncü mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 1970-1980-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yükqaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 metr dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 8 yeni neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona çatdırıldı. 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.). Məhz bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman sovetlər məkanında 450 milyon ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazənin alınmasına nail olunması Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
SSRİ-nin dağılması, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə edən yeni neft strategiyasının yaranması beşinci mərhələni səciyyələndirir. Birmənalı şəkildə demək olar ki, Yeni neft strategiyasının zəminini hazırlamış ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin hazırlanması zamanı liderlik missiyasını da uğurla həyata keçirməyə nail oldu. Bütün diplomatik istedadı, iqtisadi bilikləri, siyasi xarizması, dərin milli düşüncəsini bu iş üçün səfərbər etmiş Ulu Öndər Azərbaycanın iqtisadi çiçəklənməsinə, dünyanın nəzərlərinin yönəldiyi məkana çevrilməsinə nail oldu.

Neft sənayesi milli iqtisadiyyatımızın dinamik inkişafında əsas amil kimi

Beləliklə, son iki yüz ildə bəşər sivilizasiyasının əsas enerji mənbəyinə çevrilən neft-qaz resursları Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayıb. Böyük inkişaf yolu keçən neft sənayesi bu gün milli iqtisadiyyatın təməlində dayanaraq onun dinamik inkişafında başlıca rol oynayır. Azərbaycanın dövlət müstəqilliyinin bərpası özünün malik olduğu neft-qaz resurslarından milli mənafelərə dolğun xidmət üçün real şərait yaradıb, yeni neft strategiyasının formalaşmasını, onun milli səciyyə kəsb etməsini şərtləndirib.

Neftlə bağlı strategiyanın fövqündə ehtiyatlar amili dayanır. Geoloji axtarışlar, ehtiyatların miqyası neft sənayesinin digər tələblərini də şərtləndirir. Ehtiyatlar potensialından sonra hasilat həcmi göstəricisi ikinci sırada dayanır. Hasilat strategiyası, ilk növbədə, ehtiyatlar potensialına arxalanaraq axtarış-kəşfiyyat və başlıca olaraq qazma işi, onun miqyası və çıxarılma şərtləri ilə əlaqədardır. Bunun ardınca ixracat potensialı ilə bağlı məqamlar gündəmə gəlir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatı təyinatlı sosial-iqtisadi siyasət həyata keçirməyə başlayıb. Bu siyasətin mühüm tərkib hissəsi kimi ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın neft strategiyası çıxış edir. Azərbaycanın neft strategiyasının rəsmi təməli 1994-cü il sentyabrın 20-də xarici neft şirkətləri konsorsiumu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının birgə işlənməsi üzrə Hasilatının Pay Bölgüsü Sazişinin imzalanmasından başlanğıc alır. Təsadüfi deyil ki, illər ötdükdən sonra Azərbaycan neftçisinin peşə bayramı günü haqqında qərar qəbul edərkən ümummilli lider Heydər Əliyev bu bayramın hər il məhz sentyabrın 20-də qeyd olunmasını uyğun hesab edib.
“Əsrin müqaviləsi”ndən başlanan milli neft strategiyası ölkə neftinin müştərək mənimsənilməsi üzrə yeni çoxsaylı irimiqyaslı beynəlxalq neft kontraktlarının bağlanmasına gətirib çıxardı. Bu neft kontraktları respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında son dərəcə əlamətdar hadisə kimi iqtisadiyyatın bütün sektorlarının inkişafına təkan verib. Bu əməli işlərin nəticəsi olaraq ölkə iqtisadiyyatına 20-30 il ərzində 50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşları nəzərdə tutuldu, hasilatın gündəlik həcminin bir milyon barrelə çatdırılması planlaşdırıldı. 2005-2007-ci illərdən başlayaraq yaxın 20 il ərzində Azərbaycan Respublikası təqribən 100 milyard dollara qədər mənfəət əldə edəcək. Ölkədə reallaşdırılan neft strategiyası əsasında Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri işə salınıb, Səngəçal və Dübəndi terminallarının yenidən qurulması və inşası başa çatdırılıb, Azərbaycan neft sənayesinin ən iri müəssisələrindən olan “Şelflayihətikinti” zavodunun fəaliyyəti bərpa edilib, çoxsaylı üzən dərin qazma qurğuları modifikasiya olunaraq “İstiqlal”, “Dədə Qorqud”, “Qurtuluş” adları ilə səmərəli istehsala qaytarılıb. Bu sırada Xəzərin 1000 metrdən çox dərinliklərini fəth edən “Heydər Əliyev” adlı ən modern qazma qurğusu da inşa edilib. Milli neft strategiyası çərçivəsində “Çıraq-1” platformasından hasil edilən neftin illik miqdarı 15 milyon ton həcminə yüksəlib, “Azəri” yatağından neftin hasilatına başlanılıb. Bu strategiyanın əsas prinsipial layihələrindən olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası gerçəkləşib, Xəzərin bənzərsiz qaz və qaz-kondensat yatağı olan “Şahdəniz”dən təbii qazın sahilə gətirilməsi və oradan Avropa bazarlarına çıxarılan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlanılıb. Neft strategiyasının əhatə dairəsində olan digər neft kontraktları üzrə də kəşfıyyat, qazma və istismar işləri geniş vüsət alıb, sahəvi infrastrukturun modifikasiyası prosesi yeni mərhələyə qədəm qoyub. Neft-qaz resurslarının işlənilməsinə yönələn güclü kapital axını köhnə yataqlar zonasını da əhatə etdirib. Neft-qaz potensialından səmərəli istifadədə daha bir mütərəqqi təsisat “Neft Fondu” yaradılıb. Neft strategiyasının uğurla reallaşması istiqamətində respublikanın icra strukturlarında da institusional dəyişikliklər aparılıb. SOCAR-da yeni idarəetmə strukturu formalaşdırılıb, bütün energetik kompleksi və habelə bütövlükdə sənaye sistemini koordinasiya edərək, buradakı dövlət siyasətini həyata keçirən Energetika Nazirliyi yaradılıb. Daim tərəqqi edən, təkmilləşən milli neft strategiyasının əhatə dairəsi genişlənərək qeyri-neft sektorunda da möhkəmlənib, ölkənin sosial infrastrukturunun daha mobil şəbəkədə təkmilləşməsinə səfərbər olunub. Bununla belə ölkənin neft strategiyasının reallaşması istiqamətində görüləcək işlərin miqyası əldə edilmiş nəticələrdən daha genişdir.

Neft-qaz hasilatında müasir texnologiyaların tətbiqi sahəsində Azərbaycanın dünya ölkələri arasında yeri

Bel və kərki ilə qazılan quyulardan müasir avtomatlaşdırılmış texnologiyalara əsaslanan üsullara qədər qazma prosesinin çoxminillik tarixində Azərbaycanın yetərli payı vardır. Heç şübhəsiz ki, bu gerçəklik onun bestselləri sayılan neft-qaz resursları ilə bağlıdır. Bununla belə, ümumi qazma prosesinin özünün də tərəqqisi daha çox neft amilinə istinad edir. Su hasilatı ilə intensiv xarakter alan, iki əsr əvvəl isə duz axtarışlarında yerin daha dərin qatlarını əhatə edən əməliyyatlar neftli laya düşdükdən sonra sənaye üsullu qazma erasının başlanğıcına zəmin yaratdı. Okeanın hər iki sahilində eyni vaxtda neft hasilatına sürət verən mexaniki qazma təşəkkül tapdı. Hasilatda dərinlik nasoslarının tətbiqinə başlandı. İlk dərinlik nasosu da ABŞ-dan 15 il öncə 1876-cı ildə Bakı mədənlərində sınaqdan çıxdı. Qazma texniki proses kimi praktik keyfiyyətini aşaraq elmi-nəzəri məzmun aldı. Bu elmin formalaşmasında və tərəqqisində Azərbaycanın alim və mütəxəssislərinin payı az olmayıb. Müasir mərhələdə qazma sahəsində nəzəri-təcrübi tədqiqat işlərinin genişlənməsi daha vüsətli xarakter alıb. Bununla yanaşı, onun strukturun texnoloji təkmilləşməsində növbəti əsaslı dəyişikliklər baş verir. Milli neft-qaz sənayesində qazma işlərinin intensivləşən ilk mərhələsi respublika ərazisində məhsuldar, iri yataqların tətbiqində axtarış, geoloji-kəşfiyyat prosesinin genişləndirilməsi ilə əlaqədar olub. XIX yüzilliyin sonunda bu sahənin dinamikası statistik uçotda öz əksini tapmağa başladı. Bu dövrdə artıq Azərbaycanda qazma yüz min metrlik parametrləri aşmış, bütün Rusiya üzrə ümumi həcmin 2/3 hissəsini təşkil etmişdi. Sovetləşmə dövründə isə qazma statistikasının palitrası genişlənərək, onun göstəricilər düzümü istismar və kəşfiyyat qazması kimi təsnifatda, yeni məzmunda formalaşmışdı. Neft sənayesi tarixində baş verən kataklizmlər, tənəzzüllü meyillər qazma dinamikasında da əks olunmuşdu. Bununla belə, neft sənayesinin XX əsr tarixinin 80 ilindən çoxuna yüksələn dinamizm xasdır. 1952-ci ildə respublikada qazmanın həcmi rekord səviyyəyə 1665 min metrə qalxdı. Bu zaman kəsiyin ümumi qazmada kəşfiyyat qazmasının payının və həmçinin ümumi dərinliyinin artması, onun iqtisadiyyatında yüksəliş templərini ifadə etmişdi. Axtarış, geoloji kəşfiyyatın 1940-1950-ci illərdə dənizə, onun dərin qatlarına yan alması qazma işində elmi-texniki tərəqqinin, texnoloji təkmilləşdirmənin inkişaf perspektivi ilə əlaqədə mümkün olmuşdu. Sürətlənən proseslər respublikada qazma avadanlıqları, neft maşınqayırma sənayesinin təşəkkülünə rəvac vermiş, onun texniki-texnoloji təchizatına əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdi.

Müasir dövrdə qazma işləri

Müasir mərhələdə qazma dəniz şelfini aşaraq okeanın dərinləşən qatlarına doğru irəliləməkdədir. Açıq dənizdə qazma işləri isə zona mürəkkəbliyi ilə fərqlənərək hidrotexniki və üzən qazma qurğularına müvafiq profilli gəmilərə, müasir texnoloji yaranışlara ehtiyac və tələbat əsasında formalaşır. Dərin qazma innovasiya ilə yanaşı, həm də mühəndis səriştəsi, ixtisaslı işçi əməyi, qiymətli kimyəvi reogentlər, yeni keyfiyyətli yuyucu məhsullar tələb edir. Hazırda respublikamızda 5-6 min dərinlikli quyuların qazılması adi reallığa çevrilib, qazma prosesi daha dərin qatlara qədəm qoyub. Məlum olduğu kimi, sovet texnologiyalarına əsaslanan üzən qazma qurğuları belə dərinlikləri fəth edə bilməmişdi. Respublikamıza yön alan, müasir texnologiyalarda ifadə tapan investisiyalar dənizdəki qazma qurğularının mütərəqqi standartlara cavab verən modifikasiyasını təmin edib. Şelf adı ilə kodlaşdırılan köhnə qazma qurğuları yeni adda və tərtibatda “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi modern dərin qazma qurğularına çevriliblər. Daha çevik və imkanlı “İstiqlal” qazma qurğusu 200 milyon ABŞ dolları və 1200 mütəxəssis əməyi hesabına bərpa edilərək dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını reallaşdırır. Müasir dəniz qazma qurğularının nomenklatur təsnifatı genişdir. Buraya daha mütərəqqi və intişar tapmış standartlı FPS-üzən istismar sistemi; FPSS-yarım daldırılmış istismar sistemi; TLP-dartılan dayaqlı platforma; FPSO-neft hasilatı, saxlama və məhsuldarlığı yüksəltmə qurğusu və digərləri də daxildir. Şübhəsiz ki, Xəzərin yeni zəngin karbohidrogen yataqları respublikanın neft-qaz sənayesinə, o cümlədən qazma prosesinin inkişafına mütərəqqi dəyişikliklər gətirir. Qazma texnologiyasının, qurğuların modernləşdirilməsinə qoyulan sərmayələr dənizin perspektivli yataqlarında tətbiqini nəzərdə tutur. 

Neftqazçıxarmanın inkişafında mühüm proseslərə təsiredici amillərdən biri də qazma işlərinin ahəngdar aparılması, buraya əsaslı vəsait qoyuluşunun artırılması ilə bağlıdır. Qazma işlərinin dinamikası ilə neft-qaz istehsalı arasında simbioz birlik də bu məntiqdən irəli gəlir. Qazma işlərinin keyfiyyətinin, sürətinin yüksəldilməsi, müvafiq potensialdan səmərəli istifadə bu gün də həllini gözləyən prioritet sahələrdəndir.

Sonda bir neçə söz…

Dörddəbir əsr tarixə malik “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin şah əsərlərindəndir. Bu uğurlu strategiya Azərbaycan xalqının və dövlətinin onilliklər ərzində iqtisadi və siyasi uğurlarına yol açdı. Bu gün Azərbaycan dövlətçiliyinin hansı nailiyyətlərindən bəhs olunursa, bütün bunlar məhz “Əsrin müqaviləsi”nin bəxş etdiyi töhfələrdən bəhrələnib. Ümumilikdə, Azərbaycanın təsdiqlənmiş neft potensialı 7 milyard barrel hesablanır. Əgər bu sürətlə istismar gedərsə, həmin ehtiyatlar ölkəyə 61 ilə bəs edər. Bu göstərici qlobal miqyasda hazırda 41 ilə bərabərdir. Bu potensial isə respublikamızın XXI əsrdə inkişaf etmiş dövlətlər müstəvisinə düşməsinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən iqtisadi siyasət isə bu arzunun reallaşacağına tam əsasda zəmin yaradır. 

Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə keçirdikləri birgə müsabiqəyə təqdim edilir.

Neft - qaz 2019-08-27 18:25:00