×
A
A
A
Sazlamalar

Abşeronda karantin zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı, 27 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədi, Digah və bəzi ərazilərdəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərverici olan yastıcalara qarşı mübarizə aparmaq məqsədilə 1657 hektar ərazidə müşahidələr aparılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşahidələrin nəticələrinə əsasən 221 hektar ərazidə "Tut qalxanlı" və "Unlu" yastıca ilə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin 54 hektarında mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları sahədən kənara çıxarılıb və yandırılma yolu ilə məhv edilib. Zərərvericilərə qarşı 60 hektar ərazidə hektara 250 qram məsarif norması ilə, "THİALAM" preparatından istifadə etməklə kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, “Tut qalxanlı” yastıcası intensiv çoxalan zərərvericidir. O, qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür. Bəzi hallarda zərərverici ilə zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamağa gedir. Aprel ayının 2-3-cü dekadasında dişi fərdlər yumurta qoyur, may ayının əvvəlində yumurtadan süfrələr çıxır. Bu zərərverici ölkəmizdə 2-3 nəsil verir.

Kənd təsərrüfatı 2019-08-27 16:35:00