×
A
A
A
Sazlamalar

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları uğurlu əməliyyat keçiriblər

Bakı, 26 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
DİN-in mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat zamanı əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq) maddəsi ilə məhkum olunmuş Lənkəran şəhər sakini Elman Abdullayev Sütəmirdov çayının Xəzər dənizinə tökülən hissəsində polislər tərəfindən tutulub. Polis idarəsində E.Abdullayevin üzərində şəxsi axtarış aparılan zaman əlindəki sellofan torbadan ümumi çəkisi 4 kiloqram 260 qram olan yüksək təsiredici xassəyə malik tiryək aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadə üçün əldə etdiyini bildirib.
Qeyd edək ki, E.Abdullayev tiryəki əldə edəndən sonra yaşadığı evə aparmayaraq dəniz kənarında gizlədib. O, narkotik vasitənin başqalarının əlinə keçməməsi üçün mütəmadi olaraq yerini dəyişdirib. Sonuncu dəfə E.Abdullayev tiryəkin yerini dəyişdirən zaman su polisləri tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-08-26 19:00:00