×
A
A
A
Sazlamalar

Ötən həftə 57 rayonda 4381 nəfər təlimlərə cəlb olunub

Bakı, 26 avqust, AZƏRTAC

Bu ilin yanvar-avqust ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikada 1408 təlim keçirilib. Təlimlərdə 24801 fermer və məhsul istehsalçısı iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, avqustun 20-dən 23-dək Dövlət Aqrar İnkişaf mərkəzilərinin əməkdaşları tərəfindən yeni subsidiya qaydaları ilə bağlı 48 rayonda 4233 nəfərə 273 təlim keçirilib. Bundan başqa, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən 9 rayonda bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı texnikası mövzularında keçirilən 9 təlimə 148 fermer cəlb olunub. Bununla da ötən həftə ərzində respublikanın 57 müxtəlif rayonunda 282 təlim keçirilib. Təlimlərdə fermer və məhsul istehsalçıları da daxil olmaqla ümumilikdə 4381 nəfər iştirak edib.
Fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.
Fəaliyyət planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.

Kənd təsərrüfatı 2019-08-26 18:59:00