×
A
A
A
Sazlamalar

Avstraliya sahillərinə doğru nəhəng pemza üzür

Bakı, 26 avqust, AZƏRTAC

Avstraliya sahillərinə doğru nəhəng pemza üzür. Onun ölçüsü təxminən 20 min futbol meydançasının sahəsinə bərabərdir.
Böyük sal daşı xatırladan vulkanik süxurun çoxlu yekə parçaları Avstraliya sahillərinə doğru tədricən axınla hərəkət edir.
AZƏRTAC bu barədə “Science Alert”ə istinadla xəbər verir.
Alimlər hesab edirlər ki, süngər daşı bir neçə həftə bundan əvvəl Tonqa ada krallığı yaxınlığında, Sakit okeanda sualtı vulkanın püskürməsindən sonra yaranıb. Nəhəng pemza lavanın sürətlə soyuması zamanı qazların ayrılması nəticəsində əmələ gəlib. O, çox yüngüldür və suyun səthində dayanır.
Süxur parçalarını ilk dəfə avqustun 9-da peyk vasitəsilə çəkilən şəkillərdə müşahidə ediblər. Eyni zamanda, “sal”ı avstraliyalı dənizçilər də görüb. Onlardan birinin sözlərinə görə, gəmi nəhəng pemzanın yanından azı 6 saat üzüb.
Ekspertlər xəbərdarlıq edirlər ki, axınla üzən süxur gəmilər üçün təhlükə yarada bilər. Eyni zamanda, alimlər onun əmələ gəlməsinin müsbət dəyərləndirirlər. Axınla hərəkət edən pemza Böyük Baryer rifinin bir hissəsinin bərpası üçün potensial mexanizmdir. Əvvəllər belə daşları sağlam mərcanların və riflərin digər canlılarının əmələ gəlməsindən ötrü yaradırdılar.

Ekologiya 2019-08-26 18:48:00