×
A
A
A
Sazlamalar

Mələk Çakmak: Ətraf mühitin qorunub saxlanmasına töhfə verəcək layihələri dəstəkləyəcəyik

Oğuz, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən AMAL layihəsi kənd yerlərinin inkişafına, gənclərin kənd təsərrüfatına olan marağının artırılmasına yönələn gözəl bir təşəbbüsdür. FAO olaraq, biz də bu layihə çərçivəsində gənclərin müxtəlif biznes ideyalarının həyata keçirilməsi üçün maliyyə qurumlarına əlçatanlığının təmin edilməsinə çalışacağıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak Oğuzda başlanan AMAL Akademiyası Yay Məktəbinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Gənclərin təqdim etdikləri layihələrin innovativ ideyalar olmasının, bu layihələrin kənd yerlərinin inkişafına töhfə verməsinin vacibliyini xüsusi vurğulayan FAO təmsilçisi bu sahədə bir çox dövlət qurumları ilə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Mələk Çakmak deyib: “Biz istəyirik ki, kənd təsərrüfatı iqlim dəyişikliklərinə görə artıq vacib hesab edilən transformasiyanı, dəyişməni reallaşdırsın. Biz kənd təsərrüfatı məhsullarını bundan sonra ətraf mühiti saxlayacaq, bərpa edəcək şəkildə istehsal etməliyik. Ona görə də, gənclərin təqdim etdikləri layihələrin içərisində ətraf mühitin qorunub saxlanmasına və inkişafına töhfə verəcək innovativ ideyalar daha çox dəstəklənəcək”.

Kənd təsərrüfatı 2019-08-26 17:46:00