×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən papiroslar və avtomobilin ehtiyat hissələri aşkarlanıb

Bakı, 26 avqust, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən papiroslar və avtomobilin ehtiyat hissələri aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Kamaz” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı yük avtomobilinin alt hissəsində həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulan ümumilikdə 6 adda 43 ədəd ehtiyat hissə aşkarlanıb.
Həmçinin “Samur” gömrük postunun idxal-nəzarət xəttinə Rusiya istiqamətindən daxil olan “DAF” markalı yük nəqliyyat vasitəsində isə “Belomorkanal” markalı papiroslar aşkarlanıb. Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirən gömrükçülər həmin nəqliyyat vasitəsinin oturacağının altında, ön panelin və taxoqrafın arxasında ümumilikdə 50 qutu “Belomorkanal” markalı papirosların gizlədildiyini müəyyən ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-26 15:36:00