×
A
A
A
Sazlamalar

Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər

Bakı, 26 avqust, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxdakı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.
Andiçmə mərasimində çıxış edən DSX-nin Çevik Hərəkət Qüvvələrinin Komandanı, general-leytenant Ehram Hacıyev Xidmət rəisi, gеnеral-polkovnik Еlçin Quliyеvin təbrikini şəxsi heyətə çatdırıb, gənc əsgərlərin dövlət sərhədlərinin etibarlı mühafizəsini şərəflə yerinə yetirəcəklərinə əminliyi ifadə edib. E.Hacıyev ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edib. Həmçinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin DSX tərəfindən mühafizəyə götürülməsi tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsi, səngərdə və sərhəddə sərhədçilərimiz tərəfindən qürurla xidmət aparılması xüsusi vurğulanıb.
Valideynlər çıxışlarında yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ordu 2019-08-26 15:25:00