×
A
A
A
Sazlamalar

Rəşt-Astara-Astara dəmir yolunun Gilan vilayətindən keçən hissəsində relslərin düzülməsi davam edir

Tehran, 26 avqust, AZƏRTAC

Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Gilan vilayətindən keçən hissəsində relslərin düzülməsi davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın dövlət dəmir yolu şirkətinin baş direktoru Səid Rəsuli deyib. Gilan vilayətində səfərdə olan S.Rəsuli yolun tikintisi ilə taniş olub. O bildirib ki, sanksiyalara baxmayaraq yolun inşası davam edir. Artıq 40 kilometr məsafədə relslər düzülüb.
S.Rəsuli nəzərə çatdırıb ki, yolun tikintisində Azərbaycan tərəfi də iştirak edir. Rəsmi Baki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsi olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşasına 500 milyon dollar vəsait ayırıb. Bundan başqa Azərbaycan İranın Astara şəhərində dəmir yolu vağzalının və yük terminalının tikintisində də iştirak edir.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Asiyadan Avropaya və əks istiqamətə yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə daşınacaq. Ötən ilin mart ayında yolun Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Nəqliyyat 2019-08-26 14:13:00