×
A
A
A
Sazlamalar

Astarada çəltik yığımına başlanılıb

Astara, 26 avqust, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Astara rayonunun çəltik sahələrində məhsul yığımına başlanılıb. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub.
Bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili məhsuldarlığa bir o qədər təsir etməyib.
Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, bu il rayonda 236,69 hektar sahədə çəltik əkilib. İndiyədək 92 hektar çəltik sahəsindən 370,3 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 40,4 sentner təşkil edib.
Builki əkin mövsümündə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Şiyəkəran, Pensər kəndlərindəki təsərrüfatları əhatə edib. Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşimi”, “Sədri”, “Apula, “Şiruzi”, “Xəzər”, “Okean” və “Həsəni” kimi toxum növlərinə üstünlük veriblər.
Artupa kəndində fəaliyyət göstərən fermer Araz Rzayev deyib: “Bu il əkin və becərmə dövründə yağmurlu günlərin olması nəticəsində bir sıra problemlərlə qarşılaşsaq da, sahələrdə bol məhsul yetişdirmişik. Bu il 4 hektarda çəltik əkmişik. Əkin zamanı əsasən “Haşimi” sortundan istifadə etmişik, hər hektardan 40 sentnerdən çox məhsulu götürülməsi gözlənilir”.
Qeyd edək ki, ötən il Astara rayonunda 450 hektar sahədən 1659,2 ton düyü istehsal olunub.

Kənd təsərrüfatı 2019-08-26 13:09:00