×
A
A
A
Sazlamalar

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır YENİLƏNİB

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “Vahid milli hidrometeoroloji sistemin yaradılması” Proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dopler radar sistemi dünyada geniş istifadə olunur: “Bu sistemin tətbiqi Milli Hidrometeorologiya xidməti üçün rahatlıq yaradacaq. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sistemin dünyada alternativi yoxdur.
Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Həmin sistemlə 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış daha dəqiq formada verilməsi təmin edilir. Belə ki, iki saat əvvəldən yağıntının miqdarını, dolunun diametrini müəyyən etmək imkanımız olacaq. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, hansı regionda yağış müşahidə olunacaq".
Departamentin direktoru qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq: "Bu sistemin əhatə radiusu 250 kilometr olacaq. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Növbəti mərhələdə həmin sistemin Şəki və Ağstafada quraşdırılması planlaşdırılır. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır. Dopler radar sistemi ilə yerli qurumları hava ilə bağlı daha dəqiq xəbərdarlıqlarla təmin etməyə imkan yaradacaq".
“Baron” şirkətinin nümayəndəsi Brian Bellev bu sistemin meteoroloji prosesləri və bulud sistemlərinin 3D formatında vizuallaşdırmaq imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, dopler radar sistemləri ölkədə bütün hidrometeoroloji müşahidə sisteminin vahid şəbəkədə birləşdirmək imkanı yaradır: “Dopler radar sistemi meteorologiya sisteminə yararlı olacaq. Sistemin əsas funksiyalarından biri təbii hadisələr barədə əvvəlcədən xəbərdar edib ictimaiyyətə məlumat verməkdir. Bu, dəqiq və vacib məlumatları verə bilən ən son texnologiyadır”.
Şirkətin digər nümayəndəsi Sergey Brayl Milli Hidrometeorologiya Departamenti ilə bağlanan müqaviləyə əsasən, dopler radar sisteminin ilin sonuna kimi Azərbaycana çatdırılacağını və 2020-ci ilin birinci rübündə quraşdırma işlərinin yekunlaşacağını qeyd edib.
“Radarın radiusu 250, yağıntılar zonasının hündürlüyü isə 6 kilometr məsafəni əhatə edəcək. Ölkənin bütün ərazisini əhatə etmək üçün mürəkkəb hesablamalara ehtiyac var və xüsusi prinsipdən istifadə olunur. Düzənlik ərazilərdə quraşdırılacaq qüllələrin məsafəsi 400 kilometrə bərabər olacaq. Dağlıq ərazilərdə isə qüllələr dağın ətəyində yerləşdirilir. Radarın radiusunun 250 kilometr məsafəni əhatə edəcəyini deyərkən dənizi də nəzərdə tutulur. Ona görə bu cihaz sahildə də quraşdırılmalıdır. Hətta qonşu ölkələrdən hava axınını qeydə almaq üçün həmin qüllələrin sərhəddə də quraşdırılmasına ehtiyac var”, - deyə S.Brayl vurğulayıb.
Mütəxəssis qeyd edib ki, cihaz Azərbaycanda sentyabrda sınaqdan keçiriləcək. Sonra radar məlumatlarını oxuya bilmələri üçün radar mütəxəssisləri və meteoroloqlara təlimlər keçiriləcək. Sistem istismara verildikdən sonra real məlumatları öyrətmək üçün də təlimlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, “Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.

Ekologiya 2019-08-26 12:36:00