×
A
A
A
Sazlamalar

Ölkəmizdə çəltikçilik kooperativləri yaradılacaq

Bakı, 24 avqust, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin dəvəti ilə Bakıda səfərdə olan Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyi, eləcə də nazirliyin tabeli qurumları “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşün keçirilməsində məqsəd ölkəmizdə səfərdə olan Koreya nümayəndə heyətinin səfərinin yekunlarını müzakirə etmək olub.
Görüşdə qeyd edilib ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə KOICA arasında uzunmüddətli əməkdaşlığın təməlinin qoyulduğu bu səfər zamanı Cənubi Koreya nümayəndə heyəti tərəfindən Azərbaycanın kənd təsərrüfatı sektoru və mövcud bazar vəziyyəti ilə bağlı təhlillər aparılıb, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları araşdırılıb. Görüş zamanı koreyalı mütəxəssislər müşahidə və araşdırmalarının nəticələrini azərbaycanlı həmkarları ilə bölüşüblər.
Həmçinin görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Əldə olunan ilkin razılığa əsasən 2021-ci ildən etibarən uzunmüddətli və birgə layihəyə start veriləcək. Ölkəmizdə çəltikçiliyin inkişafına xidmət edəcək layihə çərçivəsində çəltikçilik kooperativlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ölkəmizdə olduqları müddətdə koreyalı mütəxəssislər cənub bölgəsinə səfər edib, Lənkərandakı çəltik tarlalarına baş çəkib, düyünün becərilməsi və istehsal prosesi ilə yerində tanış olublar.
Düyü istehsalında uzunmüddətli təcrübəsi olan Cənubi Koreya ilə əməkdaşlıq ölkəmizdə bu sektorun inkişafı üçün yeni imkanlar yaradacaq. Həmçinin fermerlərdən ibarət kooperativlərin yaradılması və inkişaf etdirilməsində Koreya təcrübəsindən faydalanmaq regionlarda yaşayan insanların sosial rifahının yaxşılaşdırılması məqsədilə görülən işləri sürətləndirəcək.

Kənd təsərrüfatı 2019-08-24 12:37:00