×
A
A
A
Sazlamalar

Sinkfild kuboku: Şahmatçımız Şəhriyar Məmmədyarov heç-heçələr seriyasını davam etdirir

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də “Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin yeddinci turunun görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda fransalı Maksim Vaşe-Laqravla qarşılaşacaq. Digər görüşlərdə amerikalı şahmatçılar Hikaru Nakamura ermənistanlı Levon Aronyan, Fabiano Karuana hollandiyalı Aniş Qiri, Uesli So rusiyalı Sergey Karyakin, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren Hindistan təmsilçisi Vişvanatan Anandla mübarizə aparacaqlar.
Ötən turda şahmatçımızın Uesli So ilə görüşü heç-heçə başa çatıb. Qeyd edək ki, Ş.Məmmədyarov ötən bütün turlarda rəqibləri ilə xalı yarı bölüb. Altıncı turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb.
Altı turdan sonra şahmatçımızın aktivində 3 xal var. V.Anand, D.Liren, F.Karuana 3,5, M.Vaşe-Laqrav, M.Karlsen, S.Karyakin, Y.Nepomnyaşı, U.So 3, L.Aronyan, A.Qiri və H.Nakamura 2,5 xal toplayıblar.

İdman 2019-08-24 12:27:00